Ərdoğandan NATO Zirvəsi ilə bağlı paylaşım: “Zirvəni uğurla başa vurduq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin uğurla başa çatdığını bildirib.

Sherg.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada deyib:

“Türkiyənin ev sahibliyi ilə Ankarada təşkil etdiyimiz 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsini uğurla başa vurduq”.

Ərdoğan qeyd edib ki, zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, 100-ə yaxın nazir, yüksək səviyyəli diplomat, beynəlxalq təşkilat nümayəndəsi və digər qonaqlar iştirak ediblər.

Onun sözlərinə görə, tədbir müddətində təhlükəsizliyin təmin edilməsi ilə vətəndaşların hüquq və azadlıqlarının qorunması arasında həssas tarazlıq saxlanılıb. Təhlükəsizlik, nəqliyyat, koordinasiya və ictimai asayişlə bağlı tədbirlər liderlərin təhlükəsizliyi və şəhər həyatının normal davam etməsi məqsədilə diqqətlə planlaşdırılıb.

Prezident həmçinin bildirib ki, Prezident Millət Kitabxanası beynəlxalq media mərkəzi kimi fəaliyyət göstərib. Zirvəni 2 500-dən çox jurnalist izləyib, TRT-nin koordinasiyası ilə 96 kamera, 18 canlı yayım maşını və 26 fərqli nöqtədən həyata keçirilən yayımlar vasitəsilə Ankara Zirvəsi bütün dünyaya çatdırılıb.

Ərdoğan zirvə ərzində göstərdikləri qonaqpərvərliyə görə Ankaralılara təşəkkür edib, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına, media nümayəndələrinə, səhiyyə, nəqliyyat və digər sahələrdə çalışanlara minnətdarlığını ifadə edib.

Türkiyə lideri NATO Zirvəsinin hazırlanması və keçirilməsi zamanı göstərdiyi əməkdaşlığa görə NATO-nun Baş katibi Mark Rutteyə də xüsusi təşəkkürünü çatdırıb.