- “Müstəqillik Bəyannaməsinə istinad bizə artıq lazım deyil”
Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyində müxtəlif məsələlər üzrə müzakirələr davam edir. Tərəflərin yüksək səviyyəli təmasları fonunda xarici işlər nazirlərinin görüşləri və danışıqların növbəti mərhələsi də diqqət mərkəzindədir. Eyni zamanda, sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlər, o cümlədən konstitusiya ilə bağlı məsələlər gündəmdə qalır.
Qeyd edək ki, bu çərçivədə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın yaxın vaxtlarda görüşəcəyi təsdiqlənib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan görüşlə bağlı razılığın əldə olunduğunu və bununla bağlı ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.
Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini, erməni politoloq, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan iki ölkənin XİN rəhbərlərinin gələcək görüşü və sülh müqaviləsinin mövcud vəziyyəti barədə Sherg.az-ın suallarını cavablandırıb:
-Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin gələcək görüşünü necə qiymətləndirirsiniz?
-Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, müvafiq olaraq, artıq Bişkekdə görüş keçirmiş Ermənistanın baş nazirinə və Azərbaycanın prezidentinə tabedirlər.
Orada, ayaqüstü, Bayramov və Mirzoyan artıq görüşüblər. Görünür, görüşlə bağlı razılaşma əldə olunub.
Ehtimal etmək olar ki, artıq söhbət nazirlərin dövlət başçılarının qəbul edilmiş qərarlarının həyata keçirilməsi ilə bağlı tapşırıqları yerinə yetirməsindən gedir. Mətbuat açıqlamasına əsasən, faktiki olaraq, İrəvanla Bakı arasındakı bütün müsbət gündəm Paşinyan və Əliyev arasında müzakirə olunub.
Çox güman ki, artıq söhbət bu məsələlərin hər biri üzrə irəliləyiş əldə edilməsindən gedir.
-Xarici işlər nazirlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi mümkündürmü?
-Görüşün harada keçirilməsinin fərqi yoxdur. Məsələn Hikmət Hacıyev Dilicanda görüşə getmişdi. Alen Simonyan da deyir ki, bəli, çox güman ki, növbəti görüş Azərbaycanda keçirilə bilər. Bu da sadəcə həmin Dilican görüşünün davamı kimi nəzərdən keçirilir. Sadəcə, müddətlər hələ razılaşdırılmayıb. Burada bunu istisna etmək lazım deyil. Proses gedir və ən vacib məsələ də elə budur.
-Sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
-Bakı Konstitusiya məsələsini sərt şəkildə şərt kimi irəli sürmədiyi zaman, Ermənistan onsuz da Konstitusiyanı dəyişəcək.
Ermənistan daxilində belə bir qərar var ki, Müstəqillik Bəyannaməsinə istinad hazırda bizə sadəcə lazım deyil. Bu, bizim qərarımızdır.
Ona görə də düşünürəm ki, Bakı bu sərt tələbi aradan qaldırdıqda, Konstitusiya dəyişiləcək və sülh müqaviləsini imzalamaq lazım olacaq.