Ermənistan-Rusiya qarşıdurması qəsdən qızışdırılır - ŞƏRH

  • “Aİ güzəştləri İrəvan üçün hələ real iqtisadi nəticə deyil”
  • Ermənistan Avropa bazarına çıxmaq istəyir, amma qarşıda ciddi maneələr var

Avropa İttifaqı Şurası Ermənistana müvəqqəti ticarət güzəştlərini rəsmi olaraq qəbul edib. Aİ Şurasının məlumatında bildirilib ki, bu tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan məhsullarının ixracatının 80%-nin Avropaya həyata keçirilməsini asanlaşdıracaq.

Qeyd olunub ki, Ermənistanın bir sıra məhsullarının, o cümlədən kənd təsərrüfatı mallarının Aİ ölkələrinə ixracı üçün gömrük vergisi ləğv olunur. Müvəqqəti tədbirlərin iki il ərzində qüvvədə olacağı vurğulanıb.

Ekspertlərin fikrincə, Aİ-nin təqdim etdiyi güzəştlər Ermənistan üçün müəyyən iqtisadi imkanlar yarada bilər. Ayrı-ayrı məhsullar üzrə ixracın artırılması, yeni bazarların sınaqdan keçirilməsi və Rusiya bazarında yaranan boşluğun müəyyən hissəsinin kompensasiya edilməsi mümkündür. Lakin bu addımı Ermənistan iqtisadiyyatını köklü şəkildə dəyişdirəcək və ya xilas edəcək böyükmiqyaslı iqtisadi layihə kimi qiymətləndirmək çətindir.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a bildirib ki, Aİ-nin Ermənistana tətbiq etdiyi ticarət güzəştlərinə Ermənistan-Rusiya münasibətlərindəki qarşıdurma kontekstində yanaşmaq lazımdır:

“Məndə hərdən elə təsəvvür yaranır ki, bu qarşıdurma da bəlkə də düşünülmüş şəkildə qızışdırılır ki, Avropa Birliyindən bu tipli güzəştlər əldə etmək mümkün olsun. Ermənistanın Rusiyaya, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracının həcmi o qədər də böyük deyil. Bu göstərici maksimum 450-500 milyon dollar civarındadır:Avropa İttifaqı üçün bu, kifayət qədər kiçik rəqəmdir. 450-500 milyonluq əhalisi olan böyük bir bazarın ehtiyacları ilə müqayisədə Ermənistanın ixracının həcmi çox cüzidir. Bu baxımdan, Aİ-nin tətbiq etdiyi güzəştləri daha çox Ermənistan-Rusiya qarşıdurması kontekstində qiymətləndirmək olar”.

N. Cəfərlinin fikrincə iki illik güzəşt rejiminin Ermənistan iqtisadiyyatına ciddi və uzunmüddətli təsir göstərməsi ölkənin bu imkanlardan nə dərəcədə səmərəli istifadə edə bilməsindən asılı olacaq:

“Avropa bazarında möhkəmlənmək üçün siyasi yaxınlaşma ilə yanaşı, davamlı istehsal, rəqabətqabiliyyətli məhsullar, effektiv logistika və dayanıqlı ticarət əlaqələri də tələb olunur. Gömrük rüsumlarının ləğvi məhsulların Avropa bazarına çıxışı üçün bütün tələblərin aradan qalxması demək deyil. Qablaşdırma, keyfiyyət sertifikatları və Aİ-nin digər daxili standartları var. Əsas sual Ermənistanın bu tələblərə cavab verən məhsulları istehsal edib Avropa bazarına ixrac etmək imkanının olub-olmamasıdır. Daha mühüm məsələ isə bu güzəştləri real iqtisadi nəticəyə çevirə bilmək və ölkənin coğrafi mövqeyindən, xüsusilə də qonşu dövlətlərlə iqtisadi və nəqliyyat əlaqələrindən nə dərəcədə səmərəli istifadə etməkdir. Yəni Ermənistan üçün əsas məsələ yalnız Avropa İttifaqından hansı güzəştləri əldə edə bilməsi deyil. Real iqtisadi fayda üçün bu güzəştlərdən nə dərəcədə səmərəli istifadə edə bilməsi və əldə olunan imkanları konkret ixrac nəticələrinə çevirə bilməsidir”.