“Ermənistan-Türkiyə danışıqları prosesi o qədər yetkinləşib ki, yaxın gələcəkdə münasibətlərin tam normallaşması və sərhədlərin açılması mümkün olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib.
“Son məqsəd iki dövlət arasında münasibətlərin rəsmi şəkildə təsdiqlənməsi və hazırda mövcud olmayan sərhədin tam açılmasıdır. Proses o qədər yetkinləşib ki, istənilən gün yekun və tam normallaşmanın baş verməsi artıq tamamilə təbii olardı”, - o bildirib.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin təyin olunması ilə bağlı suala cavab verən Mirzoyan qeyd edib:
“Yeni xüsusi nümayəndənin adı bəlli olduqda, açıqlayacağıq. Amma səmimi desəm, yeni xüsusi nümayəndəyə ehtiyac olub-olmaması sual altındadır. Çünki sərhədin açılması yeni xüsusi nümayəndələr barədə razılıq əldə olunmasından daha tez baş verə bilər”.
Mirzoyan yaxın gələcəkdə Ermənistan-Türkiyə biznes forumunun keçirilməsinin mümkün olduğunu və bu tədbirin əvvəlkindən daha genişmiqyaslı ola biləcəyini də vurğulayıb.