Ermənistanda dəqiq mina xəritələri olduğu halda onları vermək istəmirlər - Həbib Mikayıllı
Dünən Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib. İctimai dinləmə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutub. İclasda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbirin aktuallığı barəsində məlumat verərək bildirib: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir. Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin əlavə edilməsini təklif edib. Həmçinin Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikirlər qrupunun yaradılması sahəsində intensiv iş aparılır. Bugünkü dinləmə Prezidentin bu sahədə irəli sürdüyü tezislərin dəstəklənməsi məqsədi daşıyır”.
“Müharibədən dərhal sonra mina təhlükəsinin acı nəticələrini hiss etməyə başladıq”
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra biz mina təhlükəsinin acı nəticələrini hiss etməyə başladıq: "Ermənistanda dəqiq mina xəritələri olduğu halda, onları Azərbaycan tərəfinə vermək istəmir. 2021-ci ildə Kəlbəcərdə iki media əməkdaşının minaya düşərək həyatını itirdiklərini xatırladan H.Mikayıllı bildirib ki, ermənilər Laçın və Kəlbəcərdə məskunlaşdıqları üçün bu əraziləri minalamayıblar. Amma üçtərəfli bəyanatın imzalanmasından sonra onlara verilən vaxt çərçivəsində imkan tapıb mina basdırmağa müvəffəq olublar. Burada söhbət minaların necə gəldi basdırılmasından gedir". H.Mikayıllı bildirib ki, ərazilərimizi 30 il işğal altında saxlayan və mina terroruna məruz qoyan bir ölkənin “timsah” göz yaşları tökərək kimlərdənsə imdad diləməsi gülüncdür: "Ermənilər Laçın dəhlizindən sui-istifadə edərək uzun müddət ərazilərimizə silah-sursat daşıyıblar. Azərbaycan buna son nəticədə son qoymalı oldu. Sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra müəyyən olundu ki, Kəlbəcərdən Ağdərə və Xocavəndə qədər ərazi mina ilə çirkləndirilib".
"Cəbrayıl, Zəngilan, Füzuli və Ağdamda geniş yaşıllıqlar salınır"
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, "Böyük Qayıdış" proqramının əsas prioritetlərindən biri də ətraf mühitlə bağlı problemlərin həlli, regionun dinamik inkişafı fonunda ekoloji təhlükəsizliyin təmin olunmasıdır. O bildirib ki, proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlər görülür: “Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqlar salınır. Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək. Bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür. Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur”.
Azad olunmuş ərazilərin 50 min hektarında topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib
Nazir Muxtar Babayev bildirib ki, azad olunmuş ərazilərin 50 min hektarında topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib: "İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib". O bildirib ki, müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub: “İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilib, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib”. Nazir qeyd edib ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda irimiqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır: “Mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb”.
Cahit Bağçı beynəlxalq təşkilatlara çağırış edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırıb. Səfirin sözlərinə görə, Türkiyə 40 ildir ki, terror təşkilatı ilə mübarizə aparır: “Bu baxımdan, Türkiyə həm terrorla mübarizədə, həm də minatəmizləmə işində kifayət qədər təcrübəlidir”. C.Bağçı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina təmizlənənədək davam edəcək: “Biz bu işlə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”.
"Ermənistan Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndirib"
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, Ermənistan Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndirib. Onun sözlərinə görə, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır: "Bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir. Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılıb və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”. O həmçinin qeyd edib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb. ANAMA sədri deyib ki, minatəmizləmə səylərini dəstəkləmək, zərərçəkmiş insanlara kömək etmək və gələcək nəsillərin minaların dəhşətlərindən azad bir dünyada, sağlam və zərərsiz ətraf mühitdə yaşamasını təmin etmək üçün qurumlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti olaraq birləşmək bizim məsuliyyətimizdir. O bildirib ki, əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə daha təhlükəsiz, ekoloji cəhətdən daha təmiz və minalardan azad dünyaya yol açmalıyıq. Vüqar Süleymanov deyib ki, müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin minalardan təmizlənməsi təmin edilib.
"Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub"
BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır: "Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib. Mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhlükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliyinə mənfi təsir edir”. Bu sahədə ANAMA-nn işini yüksək qiymətləndirən BMT-nin rezident əlaqələndiricisi 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb və xeyli işlər görüldüyünü diqqətə çatdırıb.
"Aİ Azərbaycanın mina təhlükəsinə qarşı işini dəstəkləyir"
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib ki, Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir. ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Avropa İttifaqı digər məsələlərdə olduğu kimi mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir: “Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Avropa İttifaqı Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”.
Milli Məclisin komitə sədri beynəlxalq təşkilatları tənqid edib
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq: "BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir. Bu, minanın yerləşmə yerindən, mürəkkəbliyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir. Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-nin bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək". Tahir Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir: "Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər, burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa, bundan sonra problemin həlli üçün bizə yardım etsinlər. Azərbaycanda beynəlxalq təşkilatların rolu cüzidir".
Siyavuş Novruzov minatəmizləyənlərin maaşını artırmağa çağırıb
Deputat Siyavuş Novruzov deyib ki, minatəmizləyənlərin əməkhaqqı yüksək olmalıdır: "Onların pensiya yaşı aşağı salınmalıdır. Büdcə müzakirəsi gedir, xahiş edərdik, bu məsələlərə bir də baxılsın və minatəmizləyənlərin əməkhaqqısı artırılsın".