- İrəvanı Avropaya gedən yolda ciddi maneələr gözləyir
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşündə Aİ-nin Ermənistan hökumətinin proqramlarına və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dəstəyini ifadə edib: “Aİ Ermənistan hökumətinin proqramlarının irəliləməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dəstək verməyə davam edəcək”
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında isə Paşinyanın Aİ-nin Ermənistanın iqtisadi şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə və bu məqsədlə qəbul olunan qərarlara dəstəyini vacib hesab etdiyi vurğulanıb.
Aİ-Ermənistan münasibətlərini və Ermənistanın avrointeqrasiya kursunu dəyərləndirən politoloq Zeynal Əmralıyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu son illərdə sadəcə xarici siyasət istiqaməti olmaqdan çıxaraq, ölkənin gələcək təhlükəsizlik, iqtisadi və siyasi modelinə dair strateji seçimə çevrilib: 
“Əslində, Ermənistanın Avropaya inteqrasiya siyasəti heç də Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlamayıb. Bu istiqamətdə əsas institusional baza 2017-ci ildə imzalanan və 2021-ci ildə qüvvəyə minən Aİ–Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Həmin sənəd Serj Sarkisyanın hakimiyyəti dövründə imzalanmışdı. Ermənistan həmin dövrdə Avropa maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək, iqtisadi imkanlarını artırmaq və Aİ ilə münasibətləri dərinləşdirmək məqsədilə bu istiqamətdə addımlar atmışdı. Lakin Sarkisyan hakimiyyətinin sona çatmasından sonra Ermənistanın xarici siyasət kursunda daha ciddi dəyişikliklər baş verdi. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Avropa istiqaməti daha ön plana çıxdı. 2017-ci ildə imzalanmış saziş isə 2021-ci ildə qüvvəyə mindi. Sənəd siyasi dialoqun inkişafını, demokratik institutların gücləndirilməsini, hüququn aliliyinin təmin edilməsini, iqtisadi islahatların aparılmasını və müxtəlif sahələrdə Ermənistanın Aİ standartlarına yaxınlaşmasını nəzərdə tutur”.
Sonrakı mərhələdə Aİ-Ermənistan münasibətlərinin viza, iqtisadiyyat və institusional islahatlar sahəsində daha da genişləndiyini xatırladan Z. Əmralıyev qeyd edib ki, 2025-ci ilin sonunda Strateji Tərəfdaşlıq Gündəliyinin qəbul edilməsi və 2026-cı ilin mayında ilk Aİ–Ermənistan sammitinin keçirilməsi Brüssel-İrəvan münasibətlərinin daha geniş strateji çərçivəyə keçdiyini göstərdi:
“Lakin bütün bunlara baxmayaraq, Ermənistan hələ Avropa İttifaqına üzvlük prosesinin əsas mərhələlərindən olan danışıqlar mərhələsinə çatmayıb. İrəvan qarşıdakı dövrdə demokratik institutların, hüquq sisteminin, dövlət idarəçiliyinin, iqtisadi qanunvericiliyin və digər sahələrin Aİ standartlarına uyğunlaşdırılması istiqamətində ciddi islahatlar aparmalıdır. Bu isə qısa müddətdə başa çatacaq proses deyil və uzun zaman tələb edir”.
Politoloq hesab edir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası qarşısında yalnız iqtisadi və hüquqi deyil, həm də ciddi təhlükəsizlik məsələləri dayanır. Onun sözlərinə görə, Ukrayna, Gürcüstan və Türkiyənin təcrübəsi Aİ ilə yaxınlaşma və üzvlük prosesinin uzun və mürəkkəb olduğunu göstərir:
“Ermənistan məsələsində əsas çətinliklərdən biri Rusiya ilə mövcud təhlükəsizlik əlaqələridir. Rusiya hərbi bazasının hələ də Ermənistan ərazisində yerləşməsi, eləcə də İrəvanın KTMT və Avrasiya İqtisadi Birliyi ilə münasibətlərini yenidən nəzərdən keçirməsi Moskva ilə münasibətlərə təsir edən amillərdəndir. Aİ-nin Ermənistanla əməkdaşlığını genişləndirməsi ölkənin avtomatik olaraq üzvlüyə qəbul ediləcəyi anlamına gəlmir. Brüssel siyasi və iqtisadi əlaqələri dərinləşdirə bilər, lakin tamhüquqlu üzvlük üçün Ermənistanın uzunmüddətli institusional, hüquqi və iqtisadi meyarlara cavab verməsi tələb olunur. Ermənistanın Avropaya inteqrasiya kursu artıq siyasi bəyanatlar səviyyəsindən çıxaraq konkret prosesə çevrilib. Lakin Aİ-yə tam üzvlük üçün İrəvanın qarşısında hələ çoxsaylı şərtlər və maneələr var. Əsas məsələ Avropaya siyasi iradənin nümayiş etdirilməsi deyil, bu istiqamətdə zəruri hüquqi, institusional, iqtisadi və təhlükəsizlik tələblərinin yerinə yetirilməsidir”.