“Əsas Laçının azadlığıdı, ev də düzələcək, iş də...” - Rauf Şahsuvarov

“Bura ata yurdumdu, Bakıyla sağollaşmışam. 25 il Laçında yaşamışam, 30 ilə yaxın Bakıda. Balansı düzəltməliyəm. Bunu da özümə borc bilirəm”

“Həmişə demişəm ki, istedad və bacarıqdan savayı heç nəyim yoxdur. İnşallah, istedadımı göstərməyə macalım olar” 
“Atamın əmisi Nurməhəmməd Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri olub”


  Laçın haqqında qəmli mahnımızı – Bağçamızın barı gül, yarı qönçə, yarı gül. Gec açıldın, tez soldun, olmayaydı barı gül – daha zümzümə etmirəm. Yada salmaq da istəmirəm. Yada düşəndə də gözlərim yaşarmır, əvvəlki kimi. Torpaqlarımızı işğaldan azad edən hər bir əsgərimizin Vətən palçığına bulaşmış çəkmələrini öpməyə hazıram, qarşıma çıxarlarsa. Bizə qürur hissi yaşatdıqları üçün. Laçın da daxil, işğal altındakı Qarabağımızı azad etdikləri üçün axirətədək onlara borcluyuq.

 Borcları ödənməz.  Efirdə nümayiş olunan film və seriallardan tanıdığım aktyor və rejissor Rauf Şahsuvarovla söhbət etdikcə, bu hiss daha da gücləndi. “Kaş mən də Laçına gedim, oraları görüm”, arzulayıram. Bütün arzularımız, göz dəyməsin, həyata keçir, inşallah bu da gerçəkləşər. Rauf bəy də “Maşallah, cənab Prezident bizə mütəmadi sevinc yaşadır. “Sevinclər seriyası”dır. Davamlı və əbədi olsun”, dedi. Çox maraqlı faktlar öyrəndim, Rauf bəylə söhbət zamanı. Təxmin etməmişdim... hazırda Laçındadır Rauf bəy. Necədi orda vəziyyət, doğma torpağa qayıdan laçınlılar nə edir, nə işlə məşğuldurlar? Rauf bəydən öyrənək. 



- Laçını 1992-ci ildə tərk etmişəm.  25 yaşım vardı. İncəsənət İnstitutunun  dram və kino aktyorluğu fakültəsini bitirmişdim, mərhum rejissorumuz Eldar Quliyevin kursunu. Təyinatla Şuşa Teatrına göndərildim. O zaman Şuşa Teatrı da yeni açılmışdı. Bir çox tamaşalarda rol aldım, rejissor kimi də çalışdım. Sonra, bilirsiniz artıq, Şuşa Teatrı da Bakıya köçdü. 2011-ci ilədək Bakıdakı teatrda çalışdım.  Arada uzaqlaşdım teatrdan. Sonra yenə qayıtdım. Bakı Uşaq Teatrında da işləmişəm. Tamaşalar hazırlamışıq, pyeslərə quruluş vermişik... 
- Amma sizin haqqınızda yazılan məlumatda Bakı Uşaq Teatrında işlədiyiniz bildirilib...
- Yox. Daha orda işləmirəm. Kiçik səhv var məlumatda. Bizim “Arzular” tamaşamız var. Bu ilin iyul ayında Laçında nümayiş olundu. 
- Yəni bu tamaşa işğal illərində hazırlanmışdı? 
- Bəli. Adından göründüyü kimi arzularımızı çatdırmağa çalışırdıq. Şükür ki, Laçınımız da azaddır, bütün Qarabağımız, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub... 
- Siz Laçın batalyonunda döyüşmüsünüz...
- Atam həkim idi, anam tibb bacısı. Biz 3 qardaşın 3-ü də döyüşmüşük, qardaşımın biri Qarabağ müharibəsi qazisidir. Mən Şuşa Teatrından Laçına qayıdanda könüllü olaraq Laçın batalyonuna yazıldım. Vətəni müdafiə etmək hamımızın borcu idi, çalışdım, mən də borcumu yerinə yetirim. 
- Hazırda Laçındasınız, eləmi?
- Bəli, Laçındayam. 
- Nə işlə məşğulsunuz orda? Bildiyim qədər Kino Evi, deyəsən, fəaliyyət göstərir, teatr binası hələ yoxdu.
- Laçının çox gözəl teatr binası vardı. Mənfur qonşularımız onu da darmadağın ediblər. İndi amfiteatr tikilir. Yenə də teatr binamız olacaq. O dediyiniz Kino Pavilyonudu. Burda iş gedir, tikinti aparılır. Çox qısa zamanda Laçın əvvəlkindən də gözəl, yaraşıqlı olacaq. Hələ ki işim yoxdur. Amma müraciət etmişəm, iş üçün. Hazır ssenarilərim var, ideyalar, planlar çoxdur. İşğal illərində istər-istəməz ruh düşkünlüyü vardı. Amma qələbə bizi ruhən də yüksəltdi. Qələbə olanda ruh yüksəkliyi də böyük olur. Bu ruhla gəlmişik Laçına. Burada qalıb yaradıcılıqla məşğul olacağam. 
- Laçında əsaslı məskunlaşmaq fikrindəsiniz.
- Əlbəttə. Ata yurdumdu. Bakıyla sağollaşmışam. 25 il Laçında yaşamışam, 30 ilə yaxın Bakıda. Balansı düzəltməliyəm. Bunu da özümə borc bilirəm. 
- Bəs ailəniz, onlar da Laçında yaşayacaqlar? Orda məskunlaşmaq istəyirlər?
- Həyat yoldaşım artıq burada işləyir. 

- Nə gözəl... Harda? 
- Həyat yoldaşım psixoloqdu. Bakıda köçkün məktəbində psixoloq işləyirdi. Laçın azad olundu, burada 2 saylı orta məktəb fəaliyyətə başladı, həyat yoldaşım da işini burda davam etdirir. Həmin məktəbdə psixoloq işləyir.
- Həyat yoldaşınız sizi qabaqlayıb, Rauf bəy.
- Olsun. Təki bu cür işlərdə, Vətən üçün çalışmaqda bir-birimizi qabaqlayaq. 
- Bəs övladlarınız? 
- Övladlarım hazırda ali təhsil alırlar, Bakıdadırlar. Hələ ki.
- Rauf bəy, ata yurdumdur, dediniz. Soruşmaq istəyirəm, ata eviniz dururmu, salamatdımı?
- Yox. Təəssüf. Darmadağın ediblər... 
- Amma bilirsiniz də hardadır, yerini-yurdunu tanıyırsınız da? 
- Bəli. Burda vəziyyət belədi: Fövqəladə Hallar Nazirliyi evlərə rəy verir. Hansı bərpaya yararlıdır, hansı yox. Bərpa edilməsi mümkün olanlar bərpa edilir, yararsız hala salınmışlar yenidən inşa edilir. Bizim ata evimiz yararsız hala düşmüşdü. Yenidən layihə hazırlanıb, əvvəlcə necə idisə, o cür də yenidən tikiləcək. Evimiz  Laçın Mədəniyyət Evinin yaxınlığında idi. Şəhərin mərkəzində. 
- Bəs indi harda qalırsınız?
- Bu, problem deyil. Əsas torpaqdı. Əsas Laçının azadlığıdı. Ev də düzələcək, iş də...
- O baxımdan soruşmadım, sadəcə, bilmək istədim qalmağa yer varmı?
- Müvəqqəti məskunlaşmışıq. Siz bəzi söz-söhbətlərə inanmayın. Çatışmazlıqlar, narazılıqlarla bağlı. Burda qızğın iş gedir, fəhlələr də ürəklə işləyirlər. Müvəqqəti çətinlikdi, dözəcəyik. Səbirli olacağıq. Evimiz hazır olanda da öz evimizə yerləşəcəyik. Burda qalacağam, heç yerə də gedən deyiləm. Planlarım çoxdur. Fikrim var filmlər çəkim. Laçın qəhrəmanları haqqında. Məsələn, Xosrov bəy Sultanov barədə. Digər tanınmış laçınlılar barədə. Sizə deyim ki, atamın əmisi Nurməhəmməd Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri olub. Azərbaycanda sovet hakimiyyəti zamanında da  SSR xalq maarifi komissarının müavini işləyib. 
- Bu məlumat lap yerinə düşdü ki! Rauf bəy, baş redaktorumuz Cümhuriyyət dövrünün tədqiqatçısıdı, redaksiyamızın əməkdaşları ilə birlikdə biz Yasamal qəbiristanlığında Nurməhəmməd Şahsuvarovun məzarını ziyarət etmişik. Onun haqqında Akif müəllim bizə danışıb...
- Lap yaxşı. Atamın bir əmisi, Nurməhəmməd bəyin qardaşı Mürsəl bəy Şahsuvarov Cümhuriyyət dövründə xaricdə təhsil almağa göndərilənlər arasında olub. Münhendə tibb təhsili alıb. 
- Bəli, bəli. 100 tələbə arasında...
- Elədir. 1936-cı ildə həbs edilib, dahi Hüseyn Cavidlə eyni kamerada qalıb, 101 saylı ölüm kamerasında. 20 il sürgün həyatı yaşayıb. Orda da ailə qurub. 1957-ci ildə sürgündən qayıdıb. Onların digər qardaşı oğlu Surxay bəy də xaricə təhsil almağa göndərilənlərdən olub. Almaniyada Dağ-mədən Akademiyasında mühəndislik oxuyub. Alim olub. Dissertasiya müdafiə edib. Lakin o da sovet illərində həbsə atılıb, əzablı həyat yaşayıb. Bu görkəmli şəxsiyyətlərin hər birinin həyatı bir film ssenarisidi. Qismət olar, ərsəyə gələr. 
- Rauf bəy, hazırda Laçındasınız. Necə bir hissdi?
- Vallah, sözlə demək olmur. Gərək rəssam çəkə. Film ola. Həmişə demişəm ki, istedad və bacarıqdan savayı heç nəyim yoxdur. İnşallah, istedadımı göstərməyə macalım olar. 
- Dediniz, mərhum rejissorumuz  Eldar Quliyevin kursunu bitirmisiniz. Sözsüz ki, ondan çox şey öyrənmisiniz. 
- Eldar müəllim çox yaxşı insan idi. Laçın işğal olunanda mənə dedi ki, gəl bizdə qal. Sənətdən ayrılma. O vaxt çox küskün idim. Torpağımız işğal olunmuşdu, dərbədər düşmüşdük... Amma tam səmimi deyirəm, bir gün o torpaqlara qayıdacağımıza ümidimi heç vaxt itirmədim. Deyirdim ki, Qarabağ müvəqqəti sakinlərini tapıb. Onun əsl sakinləri bir gün geri qayıdacaq. Qayıtdıq! İndi burdayam. Vətəndə. Fotolar göndərəcəm sizə...  

Hazırladı: Məlahət Rzayeva