Fransanın çirkin planları bloklanmalıdır - RƏY

Mütərəqqi qüvvələr bir araya gəlməli, səylərini birləşdirməlidir

  "Oktyabrın sonunda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin imzalanması ilə bağlı Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulur. Bu ərəfədə Fransanın Azərbaycana qarşı təzyiqləri və təxribatları artırması rəsmi Parisin sülh danışıqlarını pozmaq niyyətindən xəbər verir". Bu barədə siyasi şərhçi Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, bu ölkə Avropa İttifaqındakı (Aİ) dönəm sədrliyindən sui-istifadə edərək Avropa Şurasını və Aİ-ni də öz çirkin geosiyasi niyyətləri üçün alətə çevirməyə, yeni anti-Azərbaycan cəbhəsi yaratmağa çalışır: "Aİ-nin nümayəndə heyətinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı qərəzli bəyanatla çıxış etməsi və Lüksemburqda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə təkrarən Ermənistan-Azərbaycan münasibətlərinə dair məsələnin daxil edilməsi məhz rəsmi Parisin pərdəarxası "dirijor"luğunun nəticəsidir. Hər iki təşəbbüs sırf Yelisey Sarayından qaynaqlanır və burada Fransa Prezidenti Emmanuel Makronun dəst-xətti açıq-aşkar hiss olunur. Fransanın Ermənistandakı səfirinin bütün diplomatik normaları pozaraq Azərbaycanı Ermənistanın ərazisini işğal etməkdə ittiham etməsi də Makronun dayaz və avantürist ağlının "məhsul"udur. Dünyanın digər regionlarından qovulan, qlobal planları alt-üst olan Fransa indi də Ermənistanın əli ilə bölgədə yeni hərbi qarşıdurma yaratmağa və bu yolla Cənubi Qafqazda yerləşməyə can atır. Başqa sözlə desək, Fransa Ermənistandan maşa kimi istifadə edir".
Analitik vurğulayıb ki, Fransanın bu cür hegemon davranışlarına və geosiyasi quldurluğuna son qoyulması üçün dünyanın bütün mütərəqqi qüvvələri bir araya gəlməli, səylərini birləşdirməlidir: "Fransanın "yeni müstəmləkəçilik" siyasəti bütün vasitələrlə ifşa edilməlidir. Ümumiyyətlə, Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan sui-istifadə edərək dünya ağalığına can atması səylərinə son qoyulmalı, onun Asiya, Afrika və Cənubi Qafqazla bağlı çirkin planları bloklanmalıdır. Azərbaycan Prezidentinin Fransanı regionlarda intriqalarla məşğul olmaqda ittiham etməsi fransız neokolonializminə ciddi zərbədir".