Gələn həftə nazirlər sülhü müzakirə edəcəklər
Vaşinqton çağırdı
“Paşinyan sərhəd müzakirələrini gündəmə gətirməklə yenə danışıqlar prosesini uzatmaq məqsədi güdür”
Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək. Paşinyan qeyd edib ki, İrəvan delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini də təklif edib, artıq bu məsələdə razılıq var: "Ermənistan suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmağa hazırdır. Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsi imzalamaq niyyəti ilə gedəcək. Böyük Britaniyanın XİN başçısı Ceyms Kleverli də deyib ki, Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsi yaxındır: "Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir".
Görüşü və gözləntiləri "Sherg.az"a təhlil edən Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ermənistan Baş naziri hər zaman olduğu kimi yenə imitasiya ilə məşğul olmaqdadır. Ekspertin sözlərinə görə, delimitasiya və demarkasiya məsələsi bir gündə həll olunmur: "Hazırda delimitasiya və demarkasiya müzakirə olunan digər məsələlərdən daha aktual deyil. Paşinyan sərhəd müzakirələrini gündəmə gətirməklə danışıqlar prosesini qısaltmaq yox, əksinə, uzatmaq məqsədi güdür.
Azərbaycanın istəyi Ermənistanla yekun sülh müqaviləsi imzalamaqdır. Bundan sonra sərhədlərin müəyyənləşməsi mümkün olacaq. Əgər sülh sənədinə imza atılmazsa, bəzi regional aktorların və Ermənistanın sərhədlərin dəqiqləşdirilməsi istiqamətində məqsədyönlü cəhdləri nəticəsiz qalacaq. Bakı nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Mövcud status-kvonun olduğu kimi saxlanmasına imkan verməyəcəyik. Əgər sərhədlərin demarkasiya və delimitasiyası sülh müqaviləsindən əvvəl olacaqsa, bu, daha sonra Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı cığallığına yol açacaq.
Paşinyan hazırda masa üzərində hansı sənədlərin olduğunu, nəyin müzakirə edildiyini gözəl bilir. Yaxşı olar ki, masada olan sənədə tez zamanda imza atsın. Ən əsası isə erməni cəmiyyətini buna hazırlasın. Ermənistan hökumətindən Azərbaycanın və digər arbitr tərəflərin tələbi odur ki, Paşinyan iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə sənədi imzalasın. Digər məsələlər isə ikinci dərəcəlidir".