Gürcüstan, Azərbaycan-Ermənistan normallaşmasını tam dəstəkləyir

Gürcüstan Azərbaycan və Ermənistan arasında normallaşmanı tam dəstəkləyir və ehtiyac yaranarsa bu prosesdə asanlaşdırıcı rolu da oynaya bilər.

APA xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin X üçtərəfli görüşündə deyib.

Gürcüstanlı rəsmi Azərbaycan, Türkiyə və Gürcüstanın tranzit habına çevrildiyini bildirib və üçtərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.

Samxaradze Gürcüstanın Abxaziya və Osetiyanın hələ də Rusiya işğalı altında olduğunu, ərazi bütövlüyünün bərpasının Gürcüstan üçün prioritet mövzu olduğunu deyib.

“İşğal altında olan bölgələrimizdə uşaqlar öz ana dillərində təhsil ala bilmirlər”,- o qeyd edib.

Samxaradze ölkəsinin Ukraynaya edilən təcavüzü pislədiyini və Ukrayna xalqını dəstəklədiyini əlavə edib.

Gürcüstanın digər ölkələrlə münasibətləri haqqında danışan rəsmi qeyd edib ki, Gürcüstan konfliktlərdən yaranan böhranlar ucbatından böyük təzyiqlə üzləşir və rəsmi Tbilisi problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır:

“Bəzi ölkə və təşkilatlar səmimiyyətimizdən sui-istifadə edirlər. Onlar bizi intihara bizi sürükləmək istəyirdilər. Biz onların qanunsuz istək və tələblərinə qarşı durduqda isə onlar ölkəmizdə olan zorakı qruplarla əməkdaşlıq etdilər”.

Gürcüstan parlamentinin rəsmisi ölkəsinə gələn turistlərin 60%-nin qonşu ölkələrdən olduğunu və bu baxımdan rəsmi Tbilisinin qonşularla əlaqələrə böyük əhəmiyyət verdiyini bəyan edib.