“Gürcüstan Azərbaycanın Avropaya çıxışında mühüm tərəfdaşdır” - Politoloq

  • "Bakı-Tbilisi-Ankara xətti güclənir, üç ölkənin əməkdaşlığı regional mənzərəni dəyişir”

Gürcüstan və Azərbaycan arasında mövcud olan çox yaxşı tərəfdaşlıq və dostluq münasibətləri daha da gücləndirilməlidir". Bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib. Onun sözlərinə görə, hər iki ölkənin strateji mövqeyindən səmərəli istifadə edilməli, həm iqtisadiyyat və turizm sahələrində, həm də qlobal siyasətdə mövqeləri möhkəmləndirilməlidir.

Gürcüstan parlamentin Təhsil, elm və gənclərin məsələləri üzrə komitəsinin sədri Mariam Laşxi öz növbəsində deyib ki, Gürcüstan üçün tərəfdaş ölkə olan Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir: "Bu gün Orta Dəhlizin iki əsas sütunu olan ölkələr kimi biz təkcə fiziki əlaqələri deyil, boru kəmərləri və yollarla yanaşı rəqəmsal əlaqələri də müzakirə edirik. Əsas mövzularımızdan biri təhsil sahəsində əməkdaşlıq, gənclərin bir-biri ilə əlaqələndirilməsi və elm sahəsi də daxil olmaqla mübadilə proqramlarının həyata keçirilməsi olacaq". Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin əsas məqsədi parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsidir.

Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Azərbaycanın xarici siyasət kursunda qonşu dövlətlərlə dinc və qarşılıqlı faydalı münasibətlərin qurulmasına xüsusi önəm verdiyini bildirib. Gürcüstanın da Azərbaycanın həm yaxın qonşusu, həm də mühüm tərəfdaşı olduğunu xatırladan politoloq Azərbaycanla Gürcüstan arasında iqtisadi və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib:

“Bu əlaqələr dinamik şəkildə inkişaf edir. İki ölkənin dövlət başçıları və hökumət nümayəndələri arasında mütəmadi qarşılıqlı səfərlər həyata keçirilir. Bu təmaslar zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılır. Azərbaycan-Gürcüstan əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla davam etdirilir. Azərbaycan üçün bu əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji və nəqliyyat layihələri iki ölkəni bir-birinə daha sıx bağlayır. Azərbaycanın neft və qaz layihələrinin mühüm hissəsi Gürcüstan ərazisindən keçərək Türkiyə üzərindən Avropa bazarlarına çıxır. Bu baxımdan Gürcüstan Azərbaycanın Avropa ilə enerji və nəqliyyat əlaqələrində mühüm tranzit tərəfdaşlarından biridir”.

Politoloq əlavə edib ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır: “Gürcüstan bizim yaxın qonşumuz olmaqla yanaşı, mühüm tərəfdaşımızdır. Bu ölkədə çoxsaylı azərbaycanlı icmasının yaşaması da əlaqələrimizin humanitar və sosial ölçüsünü gücləndirir. Nəqliyyat sahəsində həyata keçirilən layihələr, o cümlədən dəmir yolu bağlantılarının inkişafı iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Gürcüstanın xarici siyasətində qarşılaşdığı çağırışlar, Avropa İttifaqı ilə münasibətləri və Rusiya ilə mövcud gərginlik də regiondakı ümumi geosiyasi mənzərəyə təsir göstərir. Belə bir şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış əməkdaşlıq regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Gürcüstan arasında tarixi, iqtisadi və humanitar əlaqələr dərin köklərə malikdir. Bu münasibətlərin qarşılıqlı etimad və dövlətlərin milli maraqları əsasında daha da inkişaf etdirilməsi həm Azərbaycan, həm də Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir”.