Hörmüz boğazında gərginlik artır: İran BƏƏ-nin gəmisini ələ keçirib

İran qüvvələrinin Birləşmiş Ərəb Əmirlikləri sahillərində bir gəmini ələ keçirərək İran sularına yönləndirdiyi iddia olunub.

Teleqraf xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilib ki, eyni zamanda ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında keçirilən danışıqlarda Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi vurğulanıb.

Məlumata görə, İran ABŞ-İsrail müharibəsinin başlamasından sonra Hörmüz boğazında xarici gəmilərin hərəkətini ciddi şəkildə məhdudlaşdırıb. Bu isə qlobal enerji təchizatında ciddi problemlər yaradıb.

Britaniyanın dəniz təhlükəsizliyi agentliyi UKMTO BƏƏ-nin Füceyrə limanı yaxınlığında lövbərdə olan bir gəminin “icazəsiz şəxslər” tərəfindən ələ keçirildiyini və İran istiqamətinə aparıldığını açıqlayıb.

Bundan başqa, Oman sahillərində heyvan daşıyan Hindistana məxsus yük gəmisinin raket və ya pilotsuz aparat hücumu nəticəsində batdığı bildirilib. Hadisə zamanı 14 nəfərlik heyətin xilas edildiyi qeyd olunub.

Ağ Ev isə Tramp və Si Cinpinin Hörmüz boğazının hərbiləşdirilməsinə qarşı olduqlarını və İranın nüvə silahı əldə etməməsi ilə bağlı ortaq mövqe nümayiş etdirdiklərini açıqlayıb.