"Biabırçılıq, rəzillikdir. Bunun qarşısı alınmalıdır. Çox pis vəziyyət yaranacaq. Çünki işsiz insanların sayı artır"
Azərbayacan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayevin aylıq maaşı günlərdir müzakirə mövzusudur. Bildirilir ki, AYNA sədrinin maaşı 19 min 500 manatdır(Bu haqda Post Tv-nin rəhbəri Samir Feyruzov hazırladığı video çıxışda qeyd edib – M.R.). Anar Rzayevin müavinlərininsə 10-15 min, şöbə rəhbərlərinin 7-10 min manat maaş aldığı, sıravi işçilərinsə 500-600 manata çalışdığı deyilir. Rəhbərlə sıravi işçinin əmək haqqın arasında fərq olmalıdır, amma daha bu qədər? Sosial ədalətsizlik həm də budur ki, əsas işi görən – yəni, quruma, lap olsun dövlət büdcəsinə vəsaitin toplanmasında birbaşa iştirak edən şəxs cüzi əmək haqqı alır, kabinetdə oturub göstəriş verənsə, qat-qat yüksək. Əsas kabinetdə əyləşmək, kresloda oturmaqdırsa, olsun. Fəhlə, sıravi işçi, o cümlədən müəllimlərin “imtahan, sertifikasiyadan keçmədi” adı altında kütləvi ixtisarları bəs nə üçündür? Xadimələri də sertifikasiyadan keçirirlər; zibil qutusunu necə boşaltmaq lazımdır ki zibillər yerə tökülməsin. Ölkəmiz nəhəng imtahan zalına çevrilibsə, nazirlər, müavinlər, müşavirlər, “publik hüquqi şəxs”lər.. də imtahan versinlər, bilik, bacarıq səviyyələri yoxlansın. Niyə həmişə çanaq fəhlənin, sıravi işçinin başında çatlayır?
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gedişlə vəziyyət yaxşı olmayacaq: 
- Ağır situasiya yaranıb. Nəzarətsizlik var. İndi AYNA haqqında yazırlar. Mən uzun müddətdir SOCAR-da aparılan yanlış strategiya haqqında yazıram, deyirəm. SOCAR-da aşağı sturkturlarda işçilər ixtisar olunur, yuxarılarda is yeni ştatlar yaradılır, təzə-təzə müavinlər, müşavirlər gətirilir. Rövşən Nəcəfin 20 müşaviri var. Və onların hər biri hər ay əlavə əmək haqqı alır. 20 müşavir varsa, bəs R.Nəcəf özü nəylə məşğuldur? Müavinlərin müavinləri, müşavirlərin köməkçiləri, strategiya və dayanıqlılıq üzrə müavin, kommersiya üzrə müavin... Əvvəllər “Azərneft”də heç vaxt müşavir vəzifəsi olmayıb. 3 müavin vardı, 1 katibə. Bu qədər müşavir, müavin var, amma hasilat ildən-ilə azalır. Əmək haqqının peşəkarlığa görə təyin edildiyi bildirilir. İldən ilə də əmək haqları yüksəlir. Hasilat aşağı düşdü, düşmədi, əmək haqqı yüksəlir. Amma sıravi işçilərin maaşı 5 ildir artmır. 5 ildə nə qədər qiymət dəyişikliyi baş verib. Fəhlənin maaşı olduğu kimi qalıb, rəis, rəis müavininin maaşı qalxır amma. İdarəetmə qurumlarına geniş səlahiyyət verilib. Yeni ştatlar yaradırlar, yüksək maaş təyin edirlər, özlərinə, müavinlərə, müşavirlərə, onların köməkçilərinə. Hansı dövlət qurumuna baxırsan, kommunikasiya şöbəsi, insan resursları şöbəsi... İşləri feysbukda, İnstagram-da, Tvitterdə xəbər izləməkdir. Hamısı da yüksək əmək haqqı alır. Bəli, müasir idarəetmə bunları tələb edir, amma daha bu qədər də yox. Törəmə ştatlara, bir-birinin eyni olan vəzifələrdəkilərə yüksək əmək haqqı təyin edilir, sıravi işçilər işdən azad edilir, ixtisara salınır, işsiz qalırlar, maddi durumları daha da zəifləyir. Ölkənin Əmək Məcəlləsində imtahan sözü yoxdur. Amma ölkəni imtahan zalına çeviriblər. “Optimallaşdırma” adı altında ixtisar aparırlar. Halbuki Əmək Məcəlləsində optimallaşdırma ilə bağlı heç bir maddə yoxdur. Xarici şirkətlərdə bu halı görə bilməzsiniz. İşçinin peşəkarlığını, kvalifikasiyasını artırmaq üçün təlimllərə göndərirlır, hazırlayırlar. İşçinin səviyyəsi artırılır və o daha yüksək işlə təmin olunur. Bizdə əksinədir, imtahan keçirib işçini ixtisar edirlər. Ölkədə hamı imtahan verir. İdman müəlliminə sual verirlər, idman ayqqabısının altlıı neçə santimetr qalınlığında olmalıdır? Bilmirlər, hansı sual qoysunlar, sualları necə tərtib etsinlər ki müəllim cavab tapa bilməsin. Biabırçılıq, rəzillikdir. Bunun qarşısı alınmalıdır. Çox pis vəziyyət yaranacaq. Çünki işsiz insanların sayı artır.