İnsanların həyatını cəhənnəmə çeviriblər - Professor Novxanıdan şikayətləndi

“Gecə saat 12.00 - 1.00-in yarısıdır. Normal cəmiyyətlərdə, elə bizimkilər də normal cəmiyyət olmağa iddialıdırlar, Avropa ölkələrində, bu vaxtlar, xüsusən də iş günlərində, artıq istirahət saatlarının başlanğıcı deməkdir. Yəni insanlar yatırlar, uşaqlar, kiçik yaşlılar yatmalıdırlar...Amma görək Novxanıda, Novxanı bağlar massivində nələr baş verir?”.
Bakupost.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin (BSU) müəllimi Telman Cəfərov deyib.
O, bildirib ki, saat 12.00-də salyut başlayır, ad günü olanlar partapartlarını saat 01.00-2.00-dək davam etdirirlər:
“Niyam başda olmaqla bütün sahil boyu çal-çağır saat 4.00-dək davam edir (bu da Novxanının dörd bir yerini başına götürür).
Görəsən, saat 12.00-dək, 1.00-dək, 2.00-dək, 3.00-dək, 4.00-dək açıq məkanda (restoranlarda) kef çəkib, qışqıranlar, musiqi sifariş verənlər, bəzən 10-15 dəqiqə partapart salanlar, restoran işlədənlər bu bağ massivində yaşayan insanların həyatını cəhənnəmə çevirdikləri barədə nə vaxt düşünəcəklər?
Doğrudanmı ad günü keçirmək ancaq səhərədək qışqırmaqla yadda qalmalıdır?
Bu səviyyədə kütləvi psixoz nə vaxt bizi düşündürəcək?
Mən və 20 nəfərədək qonşum artıq 5-ci ildir ki, hər yayımızı polisə, məhkəməyə, ekologiyaya müraciətlərdə keçiririk...
Görünən odur ki, ictimai şüur zəif olduğu kimi, ictimai qınaq da yoxdur, hüquq-mühafizə, icra, bələdiyyə orqanları bu işə ciddi yanaşmırlar, mətbuat və sosial mediada bu məsələyə toxunulmur, burada nizam-intizam yaratmaq üçün qanunvericilik bazası operativ müdaxiləyə imkan vermir.
Bir şeyi anlamaq hər şeydən vacibdir: belə getsə, biz hələ uzun müddət bər-bəzəkli, dəbdəbəli görünə və geyinə, maşınlarda gəzə biləcəyik, istirahət yerləri yaradaraq, çoxlu qışqırıb, çoxlu pul qazana biləcəyik, amma normal, mədəni insan adını daşıya bilməyəcəyik. Avropa dediyimiz yerlərdən gələn qonaqlarımız bu səs-küyü, zibillikləri görüb, bizə yenə də "barbar" damğası vuracaqlar...
Nə edəsən, biz də beləyik: elektronlaşdıq, nağdsız əməliyyatlara, online növbələrə öyrəşdik, on minlərlə gəncimiz Avropada, Amerikada oxuyub qayıtdı, kəndlərə qaz, asfalt saldıq (100%-ə çatdırmaq istəyirik), dünya ədəbiyyatını dilimizə çevirdik, poliqlot olduq, adamlarımız pullaşdı, dünyanı gəzib-dolaşdı, Türkiyədə, Avropada evlər alıb avropalı oldu,.. heyif ki, mahiyyətcə, insaniyyət və mədəni səviyyəcə dəyişməyə hələ ki, qərar verə bilmirik”.