İki ölkə arasındakı əsas problemlər hələ də həll olunmayıb
İranın nüvə fəaliyyəti, regional nüfuzu və ABŞ-nin təhlükəsizlik gözləntiləri tərəflər arasında ciddi fikir ayrılıqları yaratmağa davam edir
İran və ABŞ arasındakı münasibətlər Yaxın Şərqdə təhlükəsizlik, enerji siyasəti və geosiyasi balansın formalaşmasına təsir etməkdə davam edir. Uzun illərdir qarşılıqlı etimadsızlıq, iqtisadi sanksiyalar, nüvə proqramı ilə bağlı fikir ayrılıqları və regional təsir uğrunda rəqabət iki ölkə arasındakı münasibətləri bu gün də gərgin saxlayır. Müharibədən sonra müəyyən sabitləşmə müşahidə olunsa da iki dövlət arasında gərginlik qalmaqdadır.
Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a bildirib ki, İran ilə ABŞ arasındakı münasibətlər uzun illərdir ki, sanksiyalar, nüvə proqramı mübahisələri və regional güc mübarizəsi müstəvisində formalaşır:
"Lakin 2026-cı il etibarilə tərəflər arasında diqqətçəkən diplomatik fəallıq müşahidə olunur. Son həftələrdə keçirilən görüşlərdə tərəflərin yekun sazişə yönəlik yol xəritəsi üzərində razılığa gəldikləri və texniki danışıqların davam etdiriləcəyi açıqlanıb. Bundan əlavə, bəzi sanksiyaların müvəqqəti olaraq yüngülləşdirilməsi və İranın beynəlxalq nüvə nəzarətlərinə yenidən açılması istiqamətində addımların atıldığı görünür. Bununla belə, iki ölkə arasındakı əsas problemlər hələ də həll olunmayıb. İranın nüvə fəaliyyəti, regional nüfuzu və ABŞ-nin təhlükəsizlik gözləntiləri tərəflər arasında ciddi fikir ayrılıqları yaratmağa davam edir. Buna görə də mövcud proses daimi normallaşmadan daha çox, münaqişə riskini azaltmağa yönəlmiş praqmatik uzlaşmadır".
Analitik vurğulayıb ki, qarşıdakı dövrdə münasibətlərin tamamilə yaxşılaşmasından daha çox, nəzarət olunan rəqabət və məhdud əməkdaşlıq modeli ön plana çıxacaq:
"Tərəflər iqtisadi və təhlükəsizlik xərclərini azaltmaq üçün dialoqu davam etdirmək istəyə bilərlər. Lakin qarşılıqlı etimadsızlıq səbəbindən hərtərəfli strateji tərəfdaşlıq gözləmək real olmayacaqdır. Buna görə də İran-ABŞ münasibətlərinin gələcəyi münaqişə ilə uzlaşma arasında həssas tarazlıqda inkişaf etməyə davam edəcək".