- Tehran beynəlxalq hüquq kartını işə salır
İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib ki, ABŞ və İsrail beynəlxalq məhkəmədə kompensasiya, təzminat və müharibə cinayətlərinə görə mühakimə olunmalıdır. O, qeyd edib ki, artıq bəzi işlər üzrə qəti hökmlər verilib.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a mövzu ilə bağlı fikirlərini bölüşüb:
"ABŞ-İsrail və İran xəttindəki müharibə ilə bağlı ABŞ Prezidenti Tramp və İran Prezidenti Pezeşkianın ötən həftə imzaladıqları sənədlərdən sonra tərəflərin diplomatik görüşü İsveçrədə baş tutdu.
ABŞ-ni vitse-prezident Cey Di Vens, İranı isə həm parlament sədri Qalibaf, həm də xarici işlər naziri Əraqçi təmsil edirdi. Razılaşmadan sonra əsas müzakirə mövzusu 60 günlük müddət ərzində prosesin necə inkişaf edəcəyi oldu. Şübhəsiz ki, əsas məsələlər kontekstində masada 6 başlığın ön plana çıxdı. Birincisi, Hörmüz boğazının vəziyyəti və statusunun gələcəyi, ikincisi, İranın nüvə fəaliyyətini Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətdə saxlanılması, üçüncüsü, İsrailin Livana yönəlmiş hücumlarının dayandırılması, dördüncüsü, İrana tətbiq olunan sanksiyaların gələcəyi, beşincisi, İranın dondurulmuş aktivlərinin azad edilməsi, altıncısı isə İranın müharibə təzminatı tələbi idi.
Şübhəsiz ki, sonuncu tələb İranın tez-tez gündəmə gətirdiyi məsələlərdən biridir. Çünki müharibəni ABŞ-İsrail oxu başladıb".
Analitik vurğulayıb ki, İran bu müharibənin xərclərini təkbaşına qarşılamaq istəmir:
"Üstəlik, müharibənin hüquqa zidd tərəfləri, xüsusilə Livanla bağlı hadisələrin fonunda, müharibə cinayətləri məsələsi də gündəmə gəlir.
Məlum olduğu kimi, Netanyahu bu mövzuda keçmişi təmiz olmayan bir siyasətçidir. Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində qərar qəbul edilib.
Livan, Fələstin və İran istiqamətində beynəlxalq hüquqa zidd bütün hücumlara görə İranın orta müddətli perspektivdə bu məsələni tez-tez gündəmə gətirməsi ehtimalı yüksəkdir".