İran üzərindən keçəcək marşrut əlverişlidir - RƏY

Heç bir təhdid yoxdur
  İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran və Azərbaycan şirkətləri Naxçıvana keçidlə bağlı layihənin həyata keçirilməsi üçün ciddi addımlar atır. Nazir qeyd edib ki, Zəngəzur marşrutu ilə bağlı İrandan Naxçıvana keçid layihələndirilib. Məlum olduğu kimi əvvəl Türkiyə, ardınca Azərbaycan rəsmiləri bəyan etdilər ki, əgər Ermənistan dəhlizə razılıq verməsə, mane olsa, yol İrandan da keçə bilər. Görünür, Zəngəzur dəhlizinin bir qolu kimi, ya da alternativ yol olaraq Naxçıvana İran ərazisindən yol düşünülür, hətta bu yöndə addımlar atılır. Amma İranla bağlı narahatlıqlar da məlumdur.
Politoloq İlqar Vəlizadə açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında müxtəlif vaxtlarda, ələlxüsus son aylarda gərginlik yaşansa da, iki ölkə arasında yükdaşımalar xeyli artıb. Analitik diqqətə çatdırıb ki, son dönəmdə Rusiyadan Azərbaycan vasitəsilə İrana və oradan başqa istiqamətlərə daşınan malların həcmi iki dəfə artıb:
"Digər tərəfdən, Azərbaycan öz məhsullarını İran vasitəsilə Hindistana, Birləşmiş Ərəb Əmirlikləri, Qətərə və digər ölkələrə daşıyır. Eyni zamanda əks istiqamətdə həmin ölkələrdən Azərbaycana, Rusiyaya mallar gəlir. Baxmayaraq ki, tərəflər arasında siyasi gərginlik müşahidə olunur, amma yenə də iqtisadi maraqlar üstünlük təşkil edir. Hər iki ölkə üçün iqtisadi sahənin vacibliyi yükdaşımaların artımına səbəb olur. İran, elə Azərbaycan da maraqlıdır ki, tranzit baxımından əlverişli ölkələr sayılsınlar. İran Azərbaycandan gələn, yaxud tranzit ölkə kimi buradan keçən mallara əngəllər törətsəydi, Tehranın etibarlı tərəfdaş kimi imici çox aşağı düşərdi. Yükdaşıyıcılar digər marşrutları seçərdilər".
  Ekspert vurğulayıb ki, bu amilləri nəzərə alsaq, İran ərazisindən keçəcək Zəngəzur dəhlizinin də işlək yol, marşrut olacağını həm İrana, həm Azərbaycana, həm də digər ölkələrə faydalı olacağını söyləmək mümkündür: "Çünki Zəngəzur dəhlizində digər maraqlı ölkələr də var. Həmin ölkələrin fərqli yollar axtarması İranın xeyrinə olmaz. Ona görə düşünürəm ki, İran üzərindən keçəcək marşrut əlverişlidir və heç bir təhdid yoxdur. Düzdür, bəzi siyasi qüvvələr təhdidlər törətməyə cəhd göstərə bilərlər. Amma yenə də reallıq öz sözünü deyəcək. Nəticə etibarilə marşrut işlək və çox faydalı olacaq".