İrana hücum dəqiq zərbələrlə bir neçə gün davam edəcək - ŞƏRH

"Tehran əhalisinin təxminən 10 faizi üçün sığınacaqlar hazırlanıb. Mövcud 83 metro stansiyası bundan artıq insanı qəbul etmək imkanına malik deyil"

İranla Amerika Birləşmiş Ştatları arasında gərginlik davam edir. ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların olduğunu təsdiqləsə də, prosesin gedişi ilə bağlı müsbət və ya mənfi bir söz deməyib. Bu da qeyri-müəyyənlik və suallar yaradır.

Bu gərginliyə paralel olaraq, İran, Rusiya və Çin fevral ayının sonlarında Hind okeanının şimalında birgə dəniz təlimi keçirməyə hazırlaşır. Bununla bağlı artıq Çin hərbi gəmilərinin bölgəyə yola düşdüyü xəbərləri yayılıb. "Tasnim" agentliyi məlumat yayıb ki,.

hər il İran, Rusiya və Çin arasında keçirilən “Dəniz Təhlükəsizlik Kəməri” adlı hərbi təlimlər fevralın ortalarında Oman dənizi və Hind okeanının şimal hissəsində icra olunacaq.

Təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə yanaşı, Çin və Rusiyanın hərbi-dəniz qüvvələri iştirak edəcək.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Çinin iki çoxməqsədli esminesi İran və Rusiya ilə birgə keçiriləcək təlimlərdə iştirak etmək üçün Oman dənizi istiqamətində hərəkət edir. Ekspert "Sherg.az"a bildirib ki, İranın əsas məqsədi bu təlimlər vasitəsilə digər iştirakçı ölkələri mümkün münaqişəyə cəlb etməkdir:

"Rusiya və Çin İran naminə ABŞ-la müharibəyə girmək niyyətində deyil. Bu təlimlər daha çox müttəfiqlik münasibətlərinin nümayişi xarakteri daşıyır və real mənada ABŞ üçün ciddi narahatlıq yaratmır".

Ədalət Verdiyev qeyd edib ki, İran Türkiyə, Qətər və Azərbaycan tərəfindən irəli sürülən təkliflərə diqqətlə yanaşmalı, bu cür təlimlərdən imtina etməli və digər ölkələri özü ilə birlikdə təhlükəli proseslərə sürükləməməlidir:

"ABŞ Suriya ərazisindən İraq Kürdüstanına, yəni İrana daha yaxın bölgələrə zirehli texnika və quru qoşunları cəmləşdirir. Bununla da Vaşinqton İrana qarşı havadan, dənizdən və qurudan paralel hücum planlarını açıq şəkildə nümayiş etdirir".

Gərginliyin artdığını vurğulayan Ə. Verdiyev bildirib ki, İran hələlik geri addım atmır:

"Tehran əhalisinin təxminən 10 faizi üçün sığınacaqlar hazırlanıb. Mövcud 83 metro stansiyası bundan artıq insanı qəbul etmək imkanına malik deyil.

Ümumilkdə təhdid dövrü davam edir. ABŞ müharibəyə hazırlıq mərhələsini başa çatdırmaq üzrədir.

İrana hücum mülki əhalini hədəf almamaq şərtilə, qısa müddətdə, amma hər istiqamətdən yüksək intensivliklə və dəqiq zərbələrlə bir neçə gün davam edəcəyi gözlənilir.

İlk zərbə dalğasının dənizdən “Tomahawk” raketləri ilə başlayacaq, İranın hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldıqdan sonra isə qırıcı təyyarələrin hava məkanında sərbəst fəaliyyət göstərəcəyi gözlənilir. Bu mərhələdə İran geri addım atmağa məcbur olacaq".

Qalereya