İranın mərhum ali dini lideri Ayətullah Əli Xameneinin vida mərasimi zamanı paytaxt Tehranda ABŞ Prezidenti Donald Trampın öldürülməsinə çağırış edilib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, bu, dəfn mərasimində aparıcının Trampın ölümünü açıq şəkildə tələb etdiyi ilk hal kimi qiymətləndirilir. Mərasim boyunca Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsinə çağıran plakatlar və divar yazıları da nümayiş etdirilib.
Şair Məhəmməd Rəsuli çıxışı zamanı izdihamı “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirməyə çağırıb.
Səsgücləndiricilər vasitəsilə xalqa müraciət edən Rəsuli Donald Trampa işarə edərək belə deyib: “Dünyanın ən alçaq adamı niyə hələ də sağdır?”
Bu sözlər izdiham tərəfindən alqış və şüarlarla qarşılanıb. Mərasimdə iştirak edənlərin sayı əvvəlki günlə müqayisədə xeyli çox olub.