İranı etnik qarşıdurmalar və parçalanma təhlükəsi gözləyir - ANALİTİK

ABŞ İranı içindən çıxılması mümkün olmayan bu qarşıdurmaya sürükləməklə ölkənin təbii sərvətlərinə sahib çıxmaq istəyir

İranda kürd, bəluc, əhvazi, azərbaycanlı, türkmən və qaşqayları təmsil edən 19 siyasi partiya və hərəkat birgə bəyanat yayıb.

Bu iddia ilə “Mossad”a məxsus sosial media səhifəsi çıxış edib. Bildirilir ki, bəyanatda İran İslam Respublikasının devrilməsi və bu millətlərin öz müqəddəratını təyin etmək hüququnun tanınması tələb olunub: “Bəyanatda milli, mədəni və dil ayrı-seçkiliyinin bütün formaları rədd edilir. Qruplar həmçinin beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və azad medianı İran rejimi tərəfindən həyata keçirilən sistemli repressiya, qətl və hüquq pozuntularını görməzlikdən gəlməməyə çağırıblar”.

Qeyd edək ki, hələlik sözügedən iddiaya Tehrandan reaksiya verilməyib.

Siyasi şərhşi Heydər Oğuz “Sherg.az”a bildirib ki, Donald Trampın İran rəsmilərinin etirazlara görə saxlanılan şəxslərin edam edilməyəcəyinə dair zəmanət verdiyini açıqlaması, İranda dəyişimin dinc yolla mümkün ola biləcəyi ümidini yaratmışdı. Lakin son hadisələr bu ehtimalı zəiflədib. Onun sözlərinə görə, İran hüquq mühafizə orqanları ölkənin sabiq Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi və eks-prezident Həsən Ruhanini göz altına alıblar. Bu şəxslər islahatçı siyasilərdir və ABŞ-la münasibəti normallaşdırmaq xəttini tuturlar. İranın bu şəxsləri göz altına alması Tehranın da savaşın qaçılmaz olduğunu hiss etdiyindən və ABŞ-la razılığa gəlmədiyindən xəbər verir: 

“Üstəlik də, ABŞ-ın Rza Pəhləvi faktorunu önə çıxarması İranda dinc dəyişimi deyil, etnik qarşıdurmalar və parçalanma riski yüksək olan ssenarini seçdiyini göstərir.

İranın parçalanmasına gəldikdə isə onu deyim ki, bu təkcə İran üçün başağrısı deyil. Bilirsiniz ki, İranın cənub-şərqində bəluc, şimal-qərbində isə kürd separatçıları məskunlaşdırılıb. Hər ikisi region ölkələri üçün böyük problemlərin qaynağı ola bilər. Belə ki, bəlucların yaşadığı Belucustan İran, Əfqanistan və Pakistan arasında bölünüb. Maraqlıdır ki, Pakistan əhalisinin cəmi 5%-ni bəluclar təşkil etsə də, onun 44% ərazisi Bəlucistana aiddir. Xəritədən də göründüyü kimi, Pakistanın yerə qalan ərazisi də xeyli mübahisələrlə doludur. İranda bəluclar müstəqillik qazanarsa, bunun təsiri Pakistandan da yan ötməyəcək, ümumiyyətlə bu ölkənin varlığı təhlükəyə düşəcək.

Bənzər fikirləri İranın Qərbi Azərbaycan ərazisində sonradan məskunlaşdırılan kürd separatçıları barədə də demək olar. Burada başlayan separatizm meyllərinin İraqa, Suriyaya və Türkiyəyə yayılmaq təhlükəsi var. 

Bundan başqa, İranın orta qərb hissəsində ərəblər məskunlaşıb ki, onların da müstəqilləşmək idealları var. Dərd burasındadır ki, İranın təbii sərvətləri də məhz etnik qarşıdurmalarının yaşanacağı həmin ərazilərdə, xüsusilə Xuzistan və Bəlucistanda yerləşir”.

H. Oğuzun sözlərinə görə, ABŞ İranı içindən çıxılması mümkün olmayan bu qarşıdurmaya sürükləməklə ölkənin təbii sərvətlərinə sahib çıxmaq istəyir:

“Amma ondan daha vacib səbəb Çini enerji bazasından və keçid marşrutlarından məhrum etməkdir. Birinci Adalar silsiləsi strategiyası ilə Çinin Sakit okeana, dolayısıyla həm də Hind okeanına çıxışının qarşısını alan ABŞ-ın bu planına qarşı Pekin özünün “Bir Yol, Bir Kəmər” yarı su, yarı quru dəhliz strategiyasını həyata keçirir. Bu strategiyaya görə, Çin Pakistan üzərindən Oman körfəzinə və Ərəbistan dənizinə çıxaraq Yaxın Şərqə açılır. Üstəlik, İran və digər körfəz ölkələri onun əsas enerji təchizatı bazalarıdır. Bu ölkələrdə etnik qarşıdurmalar yaradaraq, ABŞ obrazlı şəkildə desək, Çinin enerji deposuna od vurmuş olacaq. Çinin “Bir Kəmər, Bir Yol” strategiyasının həm Cənub, həm də Orta dəhlizi Türkiyədən keçir. Məhz bu səbəbdən də ABŞ Zəngəzur dəhlizində indidən “lövbər salıb”. Məqsəd lazım olan anda bu dəhlizi bağlamaqdır. 

Yuxarıda da qeyd etdiyim kimi, İranda başlayan etnik qarşıdurmaların Türkiyəyə də sıçrama ehtimalı var. Görünür, ABŞ-ın İranı parçalamaq siyasətinin əsas məqsədlərindən biri də budur”.

Siyasi şərhçi hesab edir ki, Türkiyə, Pakistan və ərəb ölkələrinin bütün Yaxın Şərqi atəş çəmbərinə çevirmə planına laqeyd qalması mümkün deyil. Bu onlar üçün həyati önəm daşıyır: “Görünür, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və digər İslam ölkələrinin bu siyasətin qarşısını almaq üçün vahid ordu yaratmaqdan başqa çarəsi qalmayacaq. Nə yazıq ki, bunu həyata keçirmək üçün İran da, Səudiyyə Ərəbistanı da gərək regionun qarşı-qarşıya qaldığı geosiyasi problemlərə İslam vəhdəti prizmasından baxa. Bəs bunu edə biləcəklərmi? Bunu etmək üçün İslam ölkələrini parçalamaqdan və məzhəb müharibələrinə sürükləməkdən başqa bir işə yaramayan şəriətçi siyasətdən vaz keçmələri lazımdır. Xüsusilə, İran mollalarının və Səudiyyə vəhabilərinin bu məzhəbçi siyasətdən imtina etməsi asan görünmür. Çünki az qala 50 illik böyük günahlarını etiraf etməli və müsəlman xalqlar qarşısında hesab verməli olacaqlar”.