İranı “Gecə çəkici” əməliyyatından da ağır hücum gözləyir - SON DƏQİQƏ

İranın ali lideri ABŞ-ni xəbərdar edib ki, iki ölkə arasında münaqişə regional müharibəyə çevrilə bilər, lakin Tehran “sərt cavab” verməyə hazırdır. O, həmçinin ölkədəki etirazların məqsədinin dövlət çevrilişi olduğunu bildirib.

Sherg.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ İrana hücum edərsə, münaqişə regional miqyas alacaq. Bunu İranın ali lideri Ayətullah Əli Xamenei də bildirib. Onun sözlərini "Tasnim" agentliyi yayıb.

“Amerikalılar bilməlidirlər ki, əgər bu dəfə müharibəyə başlasalar, bu müharibə regional olacaq”, - deyə Xamenei vurğulayıb.

Xamenei əlavə edib ki, İranda son vaxtlar baş verən və talanlar, hücumlarla müşayiət olunan iğtişaşlar daha çox dövlət çevrilişi cəhdini xatırladırdı, lakin bu cəhdin qarşısı alınıb. “Onların məqsədi ölkənin idarəetməsində mühüm mərkəzləri dağıtmaq idi”, -deyə o bildirib. İranın ali lideri həmçinin qeyd edib ki, Tehran heç bir ölkəyə hücum etmək niyyətində deyil, “amma acgözlük edib hücum etmək və zərər yetirmək istəyənlərə İran xalqı sərt cavab verəcək”.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də bəyan edib ki, “Abraham Lincoln” aviadaşıyıcısının rəhbərliyi ilə “nəhəng gəmi” İrana doğru yollanır. Onun sözlərinə görə, bu qüvvə zərurət yaranarsa, güc tətbiq etməklə missiyasını yerinə yetirməyə hazırdır. Tramp əlavə edib ki, əgər İran nüvə sazişi bağlamasa, onu 2025-ci ilin iyununda keçirilmiş “Gecə çəkici” əməliyyatından da ağır hücum gözləyir.

Bir neçə gün sonra İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İran ABŞ ilə danışıqların təşkili istiqamətində irəliləyiş əldə edib. Eyni zamanda, Ağ Evin rəhbəri ABŞ-nin İranla özləri üçün məqbul bir saziş bağlaya biləcəyinə ümid etdiyini deyib.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçi vurğulayıb ki, prezident Donald Tramp hədələri dayandırmayacağı təqdirdə Tehran ABŞ ilə birbaşa danışıqlara getməyəcək. O, ölkəsinin həm müharibəyə, həm də danışıqlara hazır olduğunu bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl bəyan etmişdi ki, qüvvələr “tətiyi basmağa hazır vəziyyətdədir” və ali baş komandanın əmrlərini yerinə yetirməyə hər zamankindən daha çox hazırdır. Hakimiyyət orqanları xəbərdarlıq etmişdi ki, hücum olacağı təqdirdə “qanuni hədəflər” İsrail ərazisi, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ bazaları olacaq.

"Axios" yazırdı ki, İranda etirazların yatırılması fonunda Ağ Ev hərbi zərbələri nəzərdən keçirir. Etirazlar dekabrın 28-də ölkədəki iqtisadi vəziyyətdən narazılıq səbəbilə başlamışdı. Daha sonra ABŞ prezidenti ritorikanı yumşaldaraq yanvarın 16-da bildirmişdi ki, İran etirazçıların edamını dayandırdığı üçün zərbələr endirməmək qərarını şəxsən özü verib.