"Kaspşiki Azərbaycan cəmiyyəti və siyasi elitası çox yaxşı tanıyır"  - Ekspert 

Onun heç bir müsbət və effektli rolu gözə dəyməyib. İndi yenidən regiona gəlişi sıradan səfər olacaq

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. 

Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib. Son günlər Ermənistan tərəfi, o cümlədən erməni lobbisi hərtərəfli Azərbaycana hücuma keçib. Beynəlxalq müstəvidə də ciddi təşəbbüslər var. Görünür, ermənilər BMT fiaskosundan sonra indi də ATƏT-ə baş vurublar. Yəni hansı ölkəni, beynəlxalq təşkilatı ələ alsalar, dərhal bölgəyə, sərhədə gətirir, rəsmi Bakıya təzyiq göstərilməsinə çalışırlar. 

AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Sherg.az"a deyib ki, ermənilər hər vəchlə çalışır ki, Azərbaycana təzyiqlərini beynəlxalq mexanizmlər və beynəlxalq institutlar vasitəsi ilə etsinlər. 

Partiya rəhbərinin sözlərinə görə, bu kampaniyaya daha çox tərəf cəlb etməyə səy göstərirlər: 

"Hər bir dövlətin və qurumun öz maraqları olduğundan nəticə etibarı ilə bölgədə mürəkkəb bir situasiya yaranır. Davamlı təbliğatla rəsmi Bakını daha çox güzəştə məcbur etmək hədəflənir. Lakin bütün bunlar müvəqqətidir. BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrin nəticəsindən aydın oldu ki, əksər nüfuzlu qurum da regionda sülh və təhlükəsizlikdə maraqlıdır. Ona görə də Azərbaycanın haqlı mövqeyi dəstəkləndi. ATƏT onsuz da Ermənistan-Azərbaycan münaqişəsində var idi. Lakin yarıtmaz fəaliyyəti vasitəçilik missiyasını uğurla yekunlaşdırmağa imkan vermədi. Azərbaycan öz problemini özü həll etməklə havada qalan qətnamələrin icrasını təmin etdi. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişi istiqamətində aparılan danışıqlar prosesi Avropa İittifaqı Şurasının timsalında Şarl Mişelin və Rusiya prezidenti V.Putinin vasitəçiliyi və moderatorluğu ilə həyata keçirilir".

Ekspert vurğulayıb ki, tarixin arxivinə göndərilmiş ATƏT-in yenidən vasitəçilik missiyasının bərpasına çalışması uğursuz cəhdlərdir: 

"Bu format özünü doğrultmadı. Anjey Kaspşiki də Azərbaycan cəmiyyəti və siyasi elitası çox yaxşı tanıyır. Onun heç bir müsbət və effektli rolu gözə dəyməyib. İndi yenidən regiona gəlişi sıradan səfər olacaq. Ermənistan diqqəti əsas məsələlərdən yayındırmağa çalışmaqla, təxribatçılıqla məşğul olmaqla bölgədə yaranmış reallığı dəyişdirə bilməyəcək".