Köçəryan üçün Azərbaycan təhlükəsi: “Gələcəkdə Bakıya təhvil verilə bilər” - TƏHLİL

  • Paşinyan “Qarabağ klanı”nın qalıqlarını siyasi səhnədən təmizləməklə öz iqtidarını möhkəmləndirməyi hədəfləyir

Ermənistanda Paşinyan höküməti ilə müxalif blok arasında ölüm-dirim savaşı sona çatmaq üzrədir. Korrupsiyaya qarşı Mübarizə Komitəsi “Qarabağ klanı”nın öncül siması və sabiq prezident Robert Köçaryanı saxlayıblar. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açılıb.

Böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər də həbs edilib. Həbs dalğası yalnız bir istiqaməti əhatə etmir. Sabiq prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub. Parlamentin sədri Ruben Rubinyan bütün korrupsionerlərdən qisas alacaqlarını açıqlayıb. “Qarabağ klanı”nın öncül simalarının həbsinə Rusiyanın cavabı maraqla gözlənilir. Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiyadan heç kimin Koçaryana görə zəng etmədiyini açıqlayıb. O, bunun heç bir məna kəsb etməyəcəyini də vurğulayıb. Qeyd edək ki, hazırda Ermənistan parlamentində 2 müxalif siyasi blok təmsil olunur. Onlardan biri Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokudur.

Mövzu ilə bağlı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Paşinyan seçki ərəfəsində xalqına verdiyi sözü tutur:

“R.Köçəryan çirkli pulların yuyulması, qeyri-qanuni mülklərin əldə edilməsi və cinayət aktlarının təşkilində öncül liderlərdən olub. 2019-cu ildə də həbs olunan Köçəryan, Putinin müdaxiləsi ilə sərbəst buraxıldı. Köçaryan Rusiyanın maşası olduğuna görə Putin onu himayə edir. Çox qəribədir ki, 1999-cu il 27 oktyabr tarixində terrorçu dəstələrin Ermənistan parlamentinə hücumü əsasında Köçaryanın siyasi rəqibləri aradan qaldırıldı. Bu hadisə Köçaryan və Serj Sarkisyanın Ermənistanda hakimiyyəti tam ələ keçirməsinə yol açdı. Amma cinayət aktının Köçaryan tərəfindən törədildiyinə dair tutarlı faktlar olmadığı üçün iddialar məhkəmədə təsdiqini tapmayıb. Ermənistan mətbuatı yenilənmiş istintaq prosesində bu məsələnin də qaldırılacağını yazır. Məhkəmə Köçaryanın Qarabağda törətdiyi hərbi cinayətlər də ortaya qoyula bilər. Bu epizodların istintaq materiallarında yer alması, Azərbaycanın rəsmi iddia qaldırmasına tam hüquqi zəmin yaradır. Çünki sözügedən cinayətlər Azərbaycanın suveren ərazisində törədilib. Lakin Bakı ilə İrəvan arasında cinayətkarların verilməsi (ekstradisiya) haqqında ikitərəfli müqavilə olmadığı üçün hazırda bu proseduru reallaşdırmaq mümkün deyil. Onun gələcəkdə Azərbaycana təhvil verilməsi ehtimalını da istisna etmirəm”. 

Professorun sözlərinə görə, R.Köçəryan qanlı cinayətləri tək törətməyib:

“Oğlu Sedrak Köçəryan da ona dəstək olub. Köçaryanın yoluna işıq salanlardan biri də Serj Sarkisyandır. Dəmir barmaqlılar Sarkisyanı da gözləyir. Köçaryan və Sarkisyan birgə törətdikləri cinayətləri hakimiyyəti bir-birinə ötürməklə, ört-basdır eləməyə çalışıblar. Paşinyan “Qarabağ klanı”nın qalıqlarını siyasi səhnədən təmizləməklə öz iqtidarını möhkəmləndirməyi hədəfləyir. Paşinyanın gördüyü tədbirlər həm Ermənistanın daxili islahatları dərinləşdirməsinə, həm də xarici siyasət kursunu səmərəli yürütməsinə müsbət təkan verəcək. Köklü problemlərin həlli, regionda aparılan iqtisadi layihələrin reallaşmasına şərait yaradacaq. Söhbət TRIPP layihəsindən, Ermənistana məxsus dəmir yolunun Rusiyanın nəzarətindən çıxarılmasından gedir. Köçaryan Rusiyanın siyasi proyektidir. Kreml onun və klanının vasitəsilə Ermənistanı tam nəzarətdə saxlamağa çalışırdı. Onların parlamentdə təmsil olunmasının köklü səbəbi də Paşinyanın əl-qolunu bağlamaq idi. Nikol da onların gücünü zəiflətmək üçün təmizləmə prosesinə start verib”.

Q.Çaxmaqlının fikrincə, Paşinyan Köçaryanın mandatı altında olan deputatları öz tərəfinə çəkməyə çalışacaq:

“Buna nə dərəcədə nail olacağını yaşayıb, görəcəyik. Çünki ölkədə konstitusiya islahatı həyata keçirmək üçün Paşinyana parlamentdə konstitusiya çoxluğu (səs üstünlüyü) lazımdır. Bakı ilə İrəvan arasındakı sülh gündəliyi birbaşa Ermənistanda keçiriləcək konstitusiya dəyişikliyindən asılıdır. Moskvanın İrəvandakı hüquqi proseslərə müdaxilə etməyə haqqı olmasa da, Kremlin əlindəki təzyiq rıçaqları az deyil. Rusiya rıçaqları işə salaraq, Paşinyan hökumətini sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, dərmir yolu şəbəkəsi və ölkə sərhədləri hələ də Rusiya hərbçilərinin kontrolundadır. Rusiyanın Gümrüdə 102-ci hərbi bazası yerləşir və Türkiyə ilə İran sərhədini Rusiya sərhədçiləri qoruyur. Digər tərəfdən, Metsamor Atom Elektrik Stansiyasının istifadə etdiyi yanacağın 100%-i Rusiyadan idxal olunur. Əgər Rusiya yanacaq tədarükünü dayandırarsa, Ermənistanın energetika sistemi iflic olacaq. Eyni zamanda, ölkənin elektrik şəbəkəsi və Su Elektrik Stansiyalarının böyük hissəsi Rusiyanın nəzarətindədir".

Müsahib qeyd edib ki, Moskva bu dəfə istəyinə nail olmayacaq:

“Çünki bu məsələ birbaşa Paşinyanın siyasi gələcəyi və hakimiyyətdə qalıb-qalmamaq taleyi ilə bağlıdır. Baş nazir cəmiyyətə keçmiş rejim nümayəndələrinin, xalqın deyimi ilə talançıların zərərsizləşdiriləcəyinə dair konkret vədlər verib. Arxasında Belarus və Rusiyanın dayandığı Qaqik Tsarukyan belə həbs edildi. Tsarukyan nümunəsi göstərdi ki, xarici təzyiqə baxmayaraq İrəvan mövqeyindən geri çəkilmir”.