Türkiyədə e-Nabız sisteminin güclü məlumat bazası ilə işləyən “Ritmik” süni intellekt əsaslı şəxsi sağlamlıq köməkçisi vətəndaşlara xəstəlik risklərindən dərman qarşılıqlı təsirlərinə, qidalanma tövsiyələrindən həkim qəbuluna qədər müxtəlif sahələrdə bələdçilik edəcək.
Sherg.az xəbər verir ki, Türkiyənin Səhiyyə nazirinin müavini dosent doktor Birinci “Ritmik”in artıq 86 milyon vətəndaş üçün əlçatan olduğunu bildirib.
Onun sözlərinə görə, əvvəllər e-Nabızı tanıtmaq üçün istifadə olunan “e-Nabız Ritmik” artıq fərdi sağlamlıq köməkçisinə çevrilib. Sistem istifadəçilərin sağlamlıq vəziyyətinə uyğun tövsiyələr verəcək, hansı müayinələri etdirməli olduqları barədə xəbərdarlıq edəcək və istifadə olunan dərmanların mümkün təsirləri barədə məlumatlandıracaq.
“Ritmik” yaxın zamanda yemək boşqabının fotosu əsasında kalorinin və qida tərkibinin analizini də həyata keçirə biləcək. Sistem e-Nabızda istifadəçinin bütün müayinələrini təhlil edərək göstəricilərdəki dəyişiklikləri müəyyənləşdirəcək və buna uyğun tövsiyələr təqdim edəcək.
Birinci bildirib ki, məqsəd yalnız xəstəlik zamanı deyil, insan sağlam olduğu dövrdə də onun yanında olan rəqəmsal sistem yaratmaqdır. Onun sözlərinə görə, “Ritmik”in ilin sonuna qədər istifadəyə verilməsi, fevralın sonuna qədər isə daha da təkmilləşdirilərək səhiyyə sahəsində geniş imkanlara malik süni intellekt köməkçisinə çevrilməsi planlaşdırılır.
KOAH-a qarşı rəqəmsal həllər
Səhiyyə nazirinin müavini Türkiyədə xroniki obstruktiv ağciyər xəstəliyinin (KOAH) də yaxından izlənildiyini bildirib.
O, “KOAH-ın Rəqəmsal Nəfəsi” layihəsi çərçivəsində erkən diaqnostika, davamlı monitorinq və fərdiləşdirilmiş müdaxilələrə əsaslanan qabaqlayıcı model üzərində çalışıldığını qeyd edib.
Birincinin sözlərinə görə, layihə çərçivəsində xəstələrin maarifləndirilməsi, erkən diaqnostika və diaqnoz qoyulmuş şəxslərin xəstəliklərini daha yaxşı idarə etməsinə kömək edəcək müxtəlif texnoloji layihələr hazırlanıb.