- "Rusiya Ukraynada mövqeyini möhkəmləndirəcəyi təqdirdə, onun növbəti əsas hədəflərindən biri Azərbaycan olacaq"
Rusiyanın Azərbayacana qarşı qaralama və əks-təbliğat kampaniyası tükənmək bilmir. Ötən gün naməlum şəxslər Azərbaycan səfiriliyinin binasının divarından təxribat xarakterli plakatlar asıblar. Üstəlik əməllərini çəkib, paylaşmaqdan da çəkinməyiblər.
Plakatların birində Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyevin fotoları yer alıb və üzərində "Rus qanı sizin əlinizdədir!" ifadəsi qeyd olunub. Digər plakatda isə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən "Moskva 24" telekanalının əməkdaşlarının fotoları əks olunub və "Rusiya vətəndaşlarından əl çəkin" çağırışı yer alıb. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə hüquqi qiymət verməyə, insidentin araşdırılmasını təmin etməyə və oxşar halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Rusiyada heç kim hökümətdən kənar xaos yaradan addım ata bilməz:
“Orada xalq rejimin sözündən və təsir dairəsindən çıxmağa qorxur. Divardan plakat asanlar, birbaşa Kremldən aldıqları təlimatlar əsasında hərəkət ediblər. Dünən şahidi olduğumuz bu təxribat Rusiya dövlət kanallarında rəsmi Bakıya qarşı yürüdülən anti-təbliğat dalğasının növbəti halqasıdır. Onlar "Limonov" adlı dırnaqarası partiyanın nümayəndələridir. "limonovçuların" Azərbaycana qarşı qərəzi rus şovinizmi, neo-imperiya təfəkkürü və köklü türk-müsəlman düşmənçiliyinə söykənir. Onlar Azərbaycana qarşı hər zaman düşmən mövqeyi ilə seçiliblər. Bu şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri hamıya məlumdur. Kremldə keçmiş postsovet məkanı ölkələrinə qarşı yürüdülən anti-təbliğat və dezinformasiya kampaniyalarının ana təşkilatçısı Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, keçmiş Baş nazir Sergey Kiriyenkodur. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, həmişə olduğu kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyini nümayiş etdirir. Təbii ki bu da, Rusiyanın xoşuna gəlmir”.
Politoloqun sözlərinə görə, Moskva Azərbaycanı özünün bütün qərarlarını müdafiə etməyə məcbur tərəf kimi görmək istəyir:
“Amma bu belə deyil. Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələsində prinsipal mövqeyə malikdir. Bu bizim qırmızı xəttimizdir. Çünki Azərbaycan özü 30 ildən ərazi bütövlüyü və suverenlik məsələsində ciddi çətinliklərlə üz-üzə qalıb. Üstəlik, bu problemlər məhz Rusiyanın birbaşa dəstəyi ilə ortaya çıxmış gərginliklər idi. Dünən baş verənlər də gözlənilən idi. Hələ bir neçə il öncə televiziya proqramlarında vurğulayırdıq ki, Rusiya Ukraynada mövqeyini möhkəmləndirəcəyi təqdirdə, onun növbəti əsas hədəflərindən biri Azərbaycan olacaq. 2024-cü ilin dekabrından başlayaraq münasibətlərimizdə ciddi problemlər ortaya çıxdı. Əsas səbəb Rusiya ərazisində mülki təyyarəmizin vurulması fonunda qarşı tərəfin beynəlxalq hüququ görməzdən gələn etinasız mövqeyi idi. Lakin Azərbaycan öz tələblərini Rusiya tərəfinə qəbul etdirməyi bacardı”.
Müsahibin fikrincə, Kremlin rəsmi nümayəndələrinin psixologiyası pozulub:
“Son dörd ayda Ukrayna Rusiya ərazilərində genişmiqyaslı dron əməliyyatları həyata keçirib. Artıq Rusiyanın 2500-3000 kilometr dərinliyində yerləşən strateji obyektləri Ukrayna PUA-ları üçün əlçatan hədəflərə çevrilib. Rusiyanın yanacaq istehsalı 40%-ə qədər azalıb. Hazırda orada ciddi enerji və yanacaq qıtlığı hiss olunmaqdadır. Bir zamanlar böyük yanacaqdoldurma stansiyası kimi tanınan Rusiya, indi daxili bazarda yaranan qıtlığı aradan qaldırmaq üçün Belarus, Qazaxıstan və Türkiyədən benzin idxal etmək məcburiyyətində qalıb. Kreml istəyir ki, keçmiş sovet respublikaları hər bir addımını Rusiya ilə razılaşdırsın. Məhz bu səbəbdən Kreml Azərbaycanın müstəqil dövlət olaraq Ukrayna ilə formalaşdırdığı münasibətləri həzm edə bilmir. Xüsusilə də Ukrayna Prezidenti ilə yüksəksəviyyəli təmaslar, Azərbaycan Xarici İşlər Nazirinin bu yaxınlarda Ukraynaya reallaşan səfəri və Bakının Kiyevə ardıcıl göstərdiyi humanitar yardımlar Rusiya tərəfindən heç də məmnunluqla qarşılanmır”.
O.Qasımov Rusiya siyasi mexanizminin iş prinsipindən söz açıb:
“ilk öncə marqinal fiqurlar səhnəyə buraxılır, media vasitəsilə intensiv əks-təbliğat aparılır, ardından isə bu cür provokatorlar işə salınır. Bu senarinin Ukraynada və digər postsovet ölkələrində dəfələrlə tətbiq edildiyinin şahidi olmuşuq. Yəni dünən yaşanan hadisələr də təsadüfi deyil. birbaşa Rusiya rəsmi strukturları tərəfindən planlaşdırılan məqsədyönlü təxribatdır. Azərbaycan XİN-də baş verənlərə dərhal reaksiya verərək, kifayət qədər kəskin və qətiyyətli bəyanatla çıxış etdi".