Kuşner: "ABŞ Ukrayna üzrə sülh paketinin hazırlanması üzərində işləyir"

"ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin nizamlanması üzrə sülh paketinin hazırlanması üzərində işləyir".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu amerikalı liderin kürəkəni Cared Kuşner Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında bildirib.

"Prezident Trampın Stiv Uitkoffa və mənə tapşırığı sülh paketi yaratmaqdan ibarətdir. ABŞ hökumətində prezident, vitse-prezident, dövlət katibi Marko Rubio və bir çox digər şəxslər bu paketin hazırlanmasına çalışırlar", - deyə o bildirib.

Bununla əlaqədar Kuşner Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli formatda Ukrayna üzrə nizamlanma danışıqlarının tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

"Biz Stivlə hesab edirik ki, təxminən altı ay əvvəl təşkil edə bildiyimiz üçtərəfli formata qayıtmaq məhsuldar olardı. Biz hər iki tərəflə danışmışıq, ona görə də ümid edirik ki, bu məsələ üzrə çox yaxın zamanda irəliləyişə nail olacağıq", - deyə diplomat gələcək danışıqlar prosesinin perspektivlərini şərh edərkən bildirib.

Onun fikrincə, belə bir format həm nizamlanmanın əsas məsələlərinin, həm də mümkün deeskalasiya tədbirlərinin müzakirəsi üçün vacibdir. Kuşner əlavə edib ki, əvvəlki üçtərəfli danışıqlar tərəflərin nümayəndələrinə bir-biri ilə birbaşa danışmağa imkan verib.