Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbiri mayın 22-də saat 15:00-da “Lachin Resort & Spa” hotelində keçiriləcək.

Tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.