Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev hesab edir ki, ABŞ ilə qarşıdurma şəraitində Hörmüz boğazı İran üçün “nüvə silahından heç də zəif olmayan silah” rolunu oynayır.

Sherg.az xəbər verir ki, o bildirib ki, Tehranın ehtiyatında daha bir güclü təsir vasitəsi – “termonüvə silahı” adlandırdığı Bab əl-Məndəb boğazı (Qırmızı dənizdə strateji dəniz keçidi) da mövcuddur.

“Düşünürəm ki, İranın ehtiyatında təkcə bu nüvə silahı deyil, həm də termonüvə silahı var. Bu isə Bab əl-Məndəb boğazıdır. Hərbi münaqişə baş verərsə, həmin boğazdan istifadə olunması neft və digər yüklərin daşınmasının tamamilə dayanmasına səbəb ola bilər”, - Medvedev İran səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu gələcək danışıqlar üçün zəmin yaradır. Bununla belə, yekun razılaşmanın əldə edilməsinin son dərəcə çətin olacağını vurğulayıb.

“Danışıqlar həmişə onların olmamasından yaxşıdır. Lakin onlar konkret nəticə verməlidir. ABŞ-də heç də hamı İrana qarşı sanksiyaların ləğvini istəmir. İranın bərpasına vəsait ayrılması da daxil olmaqla bir sıra məsələlər üzrə razılığa gəlmək çox çətin olacaq”, - deyə o bildirib.

Medvedev əlavə edib ki, ABŞ-nin hücumları üçün əsas kimi göstərilən İranın nüvə proqramı ilə bağlı indiyədək heç bir konkret sübut ortaya qoyulmayıb. Onun sözlərinə görə, Moskvanın İran uranının Rusiyaya çıxarılması da daxil olmaqla, nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş təklifləri qüvvədə qalır.

Rusiya rəsmisi Tehrandakı vəziyyətə də toxunaraq şəhərin bəzi məhəllələrinin zərbələr nəticəsində dağıdılmasına baxmayaraq, həyatın davam etdiyini və paytaxtın inkişafını sürdürdüyünü bildirib.

Qeyd edək ki, Medvedev İrana səfəri çərçivəsində ölkənin sabiq ali dini lideri Əli Xamenei ilə vida mərasimində iştirak edib. O, həmçinin İran Prezidenti Məsud Pezeşkian ilə görüşərək Rusiya Prezidenti Vladimir Putinin başsağlığını çatdırıb.

Qalereya