Moskvanı, Peskovu yandıran, səhv olan nədir axı?! - Natiq Cəfərli

  • "Prezident çox doğru, beynəlxalq hüquqa, vicdana, həqiqətə uyğun danışıb"

IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ukraynalı jurnalist Dmitriy Qordonun Rusiya-Ukrayna münaqişəsi barədə sualına cavabı rəsmi Moskvanı narahat edib. Cənab Prezident cavabında Ukaynanın ərazi bütövlüyünün toxunulmaz olduğunu, beynəlxaq hüququ hər zaman dəstəklədiyini demişdi. Cavab niyə rəsmi Moskavanın xoşuna gəlməyib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov etiraz edir?

Sherg.az xəbər verir ki, ictimai xadim Natiq Cəfərli cənab prezidentin mövqeyində heç bir yanlışlıq olmadığını bildirib: 

- Peskov deyib ki, “Azərbaycan Prezidentinin Ukrayna münaqişəsinə münasibəti yanlışdır”. İlham Əliyev nə deyib, sitat: “Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq”. İlham Əliyevin bu münasibətində yanlış olan nədir ki?! Prezident çox doğru, beynəlxalq hüquqa, vicdana, həqiqətə uyğun danışıb, Azərbaycan xalqının, cəmiyyətinin böyük əksəriyyətinin düşüncəsini əks etdirib, düzgün münasibət göstərib. Burada rəsmi Moskvanı, Peskovu yandıran, səhv olan nədir axı?! Rusiya başqa ölkənin torpağını işğal etməyə normal baxırsa, bunun gələcəkdə mütləq “bumeranq” effekti olacaq – sabah, sizin də torpaqlarınız parçalananda hamı buna normal yanaşacaq, hatta bu yöndə çalışacaq.