NATO Rusiyanın hərbi istehsalının artması ilə bağlı XƏBƏRDARLIQ ETDİ

NATO-nun baş katibi Mark Rutte Rusiyanın hərbi istehsalını və silahlı qüvvələrini sürətlə genişləndirdiyini bildirərək, Alyansın müdafiə hazırlıqlarını davam etdirməsinin vacibliyini vurğulayıb.

Sherg.az xəbər verir ki, Rutte Nyu-Yorkda 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində çıxış edib.

O, 11 sentyabr hücumlarından sonra NATO-nun tarixində ilk və yeganə dəfə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəni tətbiq etdiyini xatırladıb. Həmin maddəyə əsasən, üzv ölkələrdən birinə qarşı silahlı hücum bütün Alyansa qarşı hücum hesab olunur.

Mövcud təhlükəsizlik vəziyyətinə də toxunan Rutte NATO ölkələrinin kiberhücumlar, təxribatlar və hava məkanının pozulması kimi fəaliyyətlərlə üzləşdiyini bildirib.

NATO-nun bu təhdidlərə qarşı müdafiəsini gücləndirdiyini deyən baş katib Avropa ölkələri və Kanadanın müdafiə xərclərini, eləcə də istehsal imkanlarını artırdığını qeyd edib.

Rutte Ukraynada davam edən müharibə zamanı əldə edilən təcrübənin NATO üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, NATO ilə Rusiya arasında mümkün müharibə vəziyyətində Alyansın Ukraynanın hazırda malik olduğundan daha geniş hərbi imkanlardan istifadə etmək potensialı var.

Baş katib Ukraynanın xüsusilə pilotsuz uçuş aparatları (PUA), onlara qarşı mübarizə sistemləri və süni intellektin müharibədə tətbiqi ilə bağlı NATO-ya mühüm dərslər verdiyini söyləyib.

Rutte bu təcrübələrin Polşada fəaliyyət göstərən birgə NATO-Ukrayna strukturunda araşdırıldığını və əldə edilən nəticələrin Alyansın müdafiə planlarına daxil edildiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın daxilindəki bəzi kritik infrastruktur obyektlərinə zərbələr endirmək və cəbhə xəttini qorumaq baxımından irəliləyiş əldə edib. Bununla belə, Ukraynanın şəhərləri və infrastrukturu Rusiya tərəfindən raket və PUA hücumlarına məruz qalmaqda davam edir.

Rutte NATO ərazisinə Rusiyanın genişmiqyaslı hücumunu “son dərəcə aşağı ehtimal” kimi qiymətləndirib. Bununla belə, o, Rusiyanın hərbi istehsalını və silahlı qüvvələrini genişləndirməsinin diqqətdən kənarda saxlanıla bilməyəcəyini deyib.

NATO-nun baş katibi Rusiyada müdafiə sənayesindən kənar istehsal sahələrinin də müharibə səylərinə yönəldiyini bildirib. Onun sözlərinə görə, NATO ölkələri zərurət yarandığı təqdirdə ümumi sənaye potensialından müdafiə istehsalı üçün necə istifadə edə biləcəkləri barədə düşünməlidirlər.

Rutte Rusiyanın hibrid fəaliyyətlərinə verilən cavabların hər zaman ictimaiyyətə açıqlanmadığını söyləyib. O, bu fəaliyyətlərin Ukraynaya göstərilən dəstəyin azalmasına səbəb olmamalı olduğunu vurğulayıb.

NATO-nun hazır vəziyyətdə olduğunu bildirən Rutte müttəfiq ölkələrin də Rusiyanın hərbi imkanlarının artması fonunda müdafiə qabiliyyətlərini gücləndirməyə davam etməli olduğunu qeyd edib.