NATO Sammitində tarixi mesaj: Yeniçərilər və mehtər marşı... 

  •  “Türkiyə artıq Osmanlı irsini gizlətmir”
  • Ankaradakı NATO Sammitinə yeniçərilər və mehtər marşı damğa vurdu

Ankarada keçirilən NATO Sammiti təkcə siyasi qərarlar və liderlərin görüşləri ilə deyil, həm də simvolik məna daşıyan qarşılama mərasimləri ilə diqqət çəkib.

Sherg.az xəbər verir ki, tarixçi alim, professor Erhan Afyoncu “Milliyet”ə açıqlamasında Prezident Sarayında təşkil olunan mərasimin Türkiyənin tarixi irsini və dövlətçilik ənənələrini nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, NATO liderlərinin mehtər marşı, yeniçərilər və 16 Türk dövlətini təmsil edən əsgərlərin iştirakı ilə qarşılanması xüsusi mesaj daşıyırdı.

“16 Türk dövləti ilə qarşılama əvvəllər də olub. Yenilik yeniçərilərin mərasimə daxil edilməsidir. Burada həm müasir hərbi orkestr, həm də tarixi mehter dəstəsi bir araya gətirilmişdi. Keçmişə qapanıb qalmaq olmaz, amma onu inkar etmək də düzgün deyil”, - Afyoncu qeyd edib.

Professor vurğulayıb ki, yeniçərilərin mərasimdə yer alması Türkiyənin Osmanlı irsinə münasibətində baş verən dəyişikliklərin göstəricisidir:

“Uzun illər Osmanlı mirası rədd edilirdi. Bu gün isə artıq ‘Biz Osmanlının davamıyıqmı?’ sualı belə müzakirə olunmur. Tarixlə bu günü birləşdirmək baxımından bu mərasim böyük əhəmiyyət daşıyır”.

Afyoncu NATO sammitində ABŞ Prezidenti Donald Trampın Türkiyəyə münasibətinə də toxunub. Onun fikrincə, Tramp Türkiyənin regional və qlobal gücünü nəzərə alaraq Ankara ilə yaxın əməkdaşlığın vacibliyini anlayır.

Tarixçi həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Türkiyəni təhlükə kimi təqdim edən açıqlamalarını tənqid edib. O bildirib ki, Türkiyə heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürmür və bölgədə sabitliklə yanaşı, yaxşı qonşuluq münasibətlərinin tərəfdarıdır.

Professorun sözlərinə görə, Türkiyə öz xarici siyasət qərarlarını heç bir dövlətin istəyi ilə deyil, milli maraqları əsasında verir:

“Türkiyə Cümhuriyyəti kimin nə istədiyinə görə deyil, öz dövlət və millət maraqlarına uyğun qərarlar qəbul edir. Müharibədən uzaq qalmağı bacarması isə ölkə rəhbərliyinin mühüm uğurlarından biridir”.