- Ülviyyə Həmzəyeva: “Bakıda keçirilən sessiya Azərbaycanın islam dünyasında artan nüfuzunun göstəricisidir”
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb. İyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib. Bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları və Bakı Bəyannaməsi qəbul edilib.
Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Bəyannamədə 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstək ifadə edilib. Bundan başqa Kipr probleminin danışıqlar yolu ilə, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyi vurğulanıb.
Cammu və Kəşmir xalqı ilə bir daha həmrəyliyik ifadə edilib, BMT Təhlükəsizlik Şurasının və İƏT-in müvafiq qətnamələrinə, eləcə də Kəşmir xalqının iradəsinə uyğun olaraq onların öz müqəddəratını təyin etmək hüququna tam dəstək bildirilib.
ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumu alqışlanıb və memorandumun maddələrinin icra ediləcəyinə və bunun regional, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcəyinə ümid ifadə edilib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyevə Sherg.az-a açıqlamasında İƏT-i həmrəyliyin və siyasi əməkdaşlığın mühüm platforması kimi dəyərləndirib. Onun sözlərinə görə, Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasının keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir:

“40-dan çox ölkədən nümayəndələrin qatıldığı bu mühüm tədbir təkcə parlamentlərarası əməkdaşlıq baxımından deyil, həm də islam dünyasında birliyin, qarşılıqlı dəstəyin və ortaq mövqenin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün İƏT yalnız dini və mədəni dəyərləri birləşdirən təşkilat deyil. O, eyni zamanda müsəlman ölkələrinin siyasi dialoq apardığı, beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirdiyi və həmrəyliyi gücləndirdiyi mühüm platformadır. Xüsusilə Yaxın Şərqdə baş verən gərgin hadisələr, münaqişələr və humanitar böhranlar İƏT-in rolunu daha da artırır. Belə bir şəraitdə təşkilatın əsas vəzifəsi islam dünyasında parçalanmanın qarşısını almaq, dialoqu və əməkdaşlığı təşviq etməkdir.
Azərbaycan İƏT məkanında fəal və təşəbbüskar dövlət kimi çıxış edir. Ölkəmiz uzun illər ərzində islam həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması, humanitar əməkdaşlıq və parlament diplomatiyasının inkişafına mühüm töhfələr verib. Eyni zamanda İƏT Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğal dövründə ölkəmizin haqlı mövqeyini müdafiə edib”.
Deputat qeyd edib ki, Azərbaycan ilə İƏT arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır. Onun fikrincə, energetika, nəqliyyat, təhsil, gənclər siyasəti, humanitar layihələr və işğaldan azad olunmuş ərazilərin bərpası da bu əməkdaşlığın əsas istiqamətlərindəndir:
“Azərbaycan həm islam dünyasının bir parçası, həm də müasir, dünyəvi və açıq inkişaf modeli təqdim edən ölkə kimi İƏT daxilində xüsusi yer tutur. Bakıda keçirilən 20-ci sessiya bir daha göstərir ki, Azərbaycan islam dünyasında etibarlı tərəfdaş, mühüm diplomatik mərkəz və birləşdirici ölkə kimi qəbul olunur. Bu tədbir həm ölkəmizin beynəlxalq mövqeyini gücləndirir, həm də İƏT çərçivəsində yeni əməkdaşlıq imkanları yaradır”.