Britaniyanın sərhəd təlimləri Moskvaya açıq mesajdır, Rusiya üçün siqnal verilir
Qlobal təhlükəsizlik mühitində gərginliyin artdığı bir dövrdə NATO ölkələrinin hərbi fəallığı daha da diqqət çəkir. Xüsusilə Rusiya ilə münasibətlərin kəskinləşdiyi fonunda Avropanın şimalında atılan addımlar yeni geosiyasi mesajlar kimi qiymətləndirilir. Bu kontekstdə Böyük Britaniyanın Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlər regional və beynəlxalq təhlükəsizlik baxımından ciddi maraq doğurur.
“Politico”nun məlumatına görə, Norveçin şimalında yerləşən Viking düşərgəsindəki Britaniya dəniz piyadaları Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlaşır. Onlar ekstremal təlimlər keçirirlər.
Nəşr qeyd edib ki, 2026-cı ilin yazında bazada təxminən 1500 əsgər yerləşdiriləcək və onların sayı 2027-ci ilə qədər 2000-ə çatacaq.
Briqada generalı Ceymi Norman təlimləri şərh edərkən deyib ki, dünya artıq sülh içində yaşamır.
Siyasi ekspert Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında hərbi təlimlərin mahiyyət etibarilə, hər zaman mesaj xarakterli keçirildiyini xatırladıb. Onun sözlərinə görə, hər hansı ölkənin genişmiqyaslı hərbi təlimlər keçirməsi qlobal arenadakı rəqiblərinə xəbərdarlıq etmək, mümkün kənar müdaxilələrə hazır olduğunu nümayiş etdirmək və eyni zamanda ordusunun döyüş qabiliyyətini sınaqdan keçirmək məqsədi güdür: “Böyük Britaniyanın Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi təlimlər də məhz Moskva üçün nəzərdə tutulmuş açıq mesajdır. Təlimlərin coğrafiyası və miqyası Britaniyanın bu istiqamətdə hazırlıq gördüyünü göstərir”.
E. Xalidbəyli yaxın perspektivdə Rusiyanın Avropa ölkələrinə birbaşa hərbi müdaxiləsinin real görünmədiyini qeyd edib. Onun fikrincə, buna mane olan ciddi amillər mövcuddur: “Rusiya hələ də Ukrayna müharibəsindən çıxış yolu tapa bilməyib və hazırda əsas diqqətini həm iqtisadiyyatının dirçəldilməsinə, həm də müharibə zamanı itirdiyi hərbi resursların bərpasına yönəltməlidir. Rusiyanın Avropaya qarşı açıq hərbi addım atması üçün uyğun geosiyasi şərait formalaşmalıdır. Düzdür, son dövrlərdə Kremlin maraqlarına uyğun müəyyən proseslər müşahidə olunur. Belə ki, ABŞ-nin NATO-dan tədricən uzaqlaşması, Vaşinqtonun Avropa müttəfiqləri ilə münasibətlərində gərginliyin artması və ən əsası, Amerikanın Avropa məkanında təhlükəsizlik çətirini zəiflətməsi diqqət çəkir. Bu tendensiyalar davam edərsə, orta və uzunmüddətli perspektivdə NATO-nun zəifləməsi qaçılmaz ola bilər. Belə bir ssenari Avropa ölkələrini hərbi baxımdan daha həssas vəziyyətə sala bilər. Hazırda Avropa dövlətləri yeni və müstəqil təhlükəsizlik sistemi formalaşdırmağa çalışsalar da, bunun reallaşması üçün uzun illər və böyük maliyyə resursları tələb olunur. Məhz bu amilləri nəzərə alan Avropa ölkələrinin Rusiyadan potensial hərbi təhlükə gözləməsi üçün kifayət qədər əsasları var. Rusiyanın Avropaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması üçün zamana ehtiyacı var. Bu müddət bir neçə il, bəlkə də on ilə qədər uzana bilər”.