Netanyahu seçkidə məğlub olacaq - Trampın açıqlamasında ciddi siqnal

  • Tramp İranla sülh üçün Netanyahunun seçki məğlubiyyətini gözləyir

ABŞ-İran arasında gərginlik davam edir. Əsas sual isə müharibənin nə zaman bitəcəyi ilə bağlıdır. Xatrıladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp əvvəlcə İran müharibəsini Amerika seçkilərindən dərhal sonra bitirəcəyini bildirdi.

Daha sonra isə bu tarixdən vaz keçərək müharibənin Konqres seçkilərindən, yəni Amerikada noyabr ayında keçiriləcək aralıq seçkilərdən əvvəl başa çatacağını ifadə etdi. Tramp bunu deyərkən İranın silah, sursat və hərbi material baxımından tükəndiyini də vurğuladı.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Tramp İranın Amerikanın uzaq məsafədən apardığı aşağı intensivlikli münaqişə metodunun şifrələrini artıq çözdüyünü nəzərə almır: 

"İran yenidən mövqe tutaraq ABŞ-nin hücumlarına qarşı mübarizə aparmaq yolunu seçdi. Bu da istər-istəməz müharibənin daha uzun müddət davam edəcəyi ilə bağlı gözləntiləri artırdı.

ABŞ-nin gün aşırı və ya fasilələrlə İranın müəyyən nöqtələrinə raket zərbələri endirməsi, İranın isə buna cavab olaraq Körfəz ölkələrindəki, ən son Bəhreyndə olduğu kimi, Amerika hədəflərinə zərbələr endirməsi fonunda qarşılıqlı hərbi qarşıdurma davam edir. Bu baxımdan, müharibənin ən azı daha 10 il davam edə biləcəyi ehtimalı nəzərə alınmalıdır.

Buna baxmayaraq, Tramp xüsusilə seçkilərdə öz mövqeyini gücləndirmək və qələbə qazanmaq məqsədilə Amerika xalqına bir növ müjdə verməyə çalışır. Müharibənin seçkilərdən dərhal əvvəl və ya dərhal sonra başa çatacağını söyləməsi öz seçicilərini müharibə psixologiyasından çıxararaq seçkiyə yönəltməkdir". 

Analitik bildirib ki, Tramp bununla müharibəyə nəzarətin öz əlində olduğunu göstərmək istəyir: 

"Lakin burada əsas məqam Trampın müharibənin başa çatması ilə bağlı açıqladığı tarixdir. Diqqət etsəniz, onun qeyd etdiyi tarix müharibənin bitməsi üçün mühüm şərtlərdən birinin Netanyahunun oktyabrın 27-də keçiriləcək seçkisi olduğunu göstərir. Yəni Tramp Netanyahunun seçkini itirməsindən dərhal sonra müharibəni bitirəcəyinin siqnallarını vermiş oldu.

İranla bağlı qapalı qapılar arxasında aparılan görüşlərdə, xüsusilə 14 maddəlik ilkin sülh şərtlərinin müzakirəsindən daha çox, biz həmişə bunu deyirdik: İran mütləq Netanyahunun hakimiyyətdən getməsi üzərində planlama aparmalıdır".

Ekspert qeyd edib ki, hərçənd bu məsələ mətbuata əks olunmayıb:

"Lakin Trampın son açıqlaması göstərir ki, Netanyahunun seçkini itirməsindən dərhal sonra, Amerikada noyabr ayında keçiriləcək seçkilərdən əvvəl İranla sülh əldə edilə bilər. Bu isə, əslində, Netanyahunun seçkini itirməsi ehtimalının kifayət qədər yüksək olduğuna dair siqnal kimi qiymətləndirilə bilər".