Nəyin bahasına olursa - olsun Paşinyan qalib gəlməlidir - POLİTOLOQ

Bu tək Ermənistan üçün yox, bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm hadisədir

Abutalıb Səmədov: “Paşinyanın addımları sülh sazişini reallaşdırmağa xidmət edir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda keçirilən görüşün Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı olduğunu bildirib. Onun sözlərinə görə, ötən ilin avqustun 8-də ABŞ paytaxtında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin birgə bəyannamə imzalaması və ABŞ Prezidentinin şahidliyi ilə əldə olunan razılaşma Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Mirzoyan hesab edir ki, yaranmış şərait iki ölkə arasında etimadın möhkəmləndirilməsi, əlaqələrin bərpası, ticarət və kommunikasiya layihələrinin inkişafı istiqamətində real addımların atılmasına zəmin formalaşdırır.

Mövzunu şərh edən politoloq Abutalıb Səmədov “Sherg.az”a bildirib ki, Paşinyanın atdığı addımlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və regionda etimadın möhkəmlənməsi üçün vacibdir: 

“Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və imzalanan sənədlər Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoydu və sülhün, eləcə də əməkdaşlığın formalaşması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Ermənistanın mövcud hakimiyyəti ilin sonuna qədər sülh sazişinin imzalanması istiqamətində daha fəal mövqe nümayiş etdirir. Prosesin qarşısındakı əsas maneələrdən biri Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların Ermənistan Konstitusiyasında əks olunması idi. Hazırda yeni Konstitusiya layihəsi üzərində aparılan işlər və həmin müddəaların çıxarılması istiqamətində atılan addımlar rəsmi İrəvanın sülhə real hazırlığının göstəricisi kimi dəyərləndirilə bilər. Layihənin artıq yekunlaşmaq üzrə olduğu bildirilir”. 

Abutalıb Səmədovun qənaətincə, Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı aparılan müzakirələr və bu prosesə ABŞ şirkətlərinin cəlb olunması təşəbbüsü təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. O, həmçinin Paşinyan hökumətinin Qarabağ ermənilərinin geri qayıdışının məqsədəuyğun olmadığı barədə mövqeyini sülh gündəliyinə xidmət edən mühüm siyasi siqnal kimi qiymətləndirib.

Politoloqun sözlərinə görə, Paşinyan hökumətinin atdığı bu addımlar Ermənistanda revanşist qüvvələr tərəfindən ciddi narazılıqla qarşılanır. O hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına təsir göstərə biləcək əsas siyasi faktor qarşıdan gələn parlament seçkiləridir:

“Paşinyan hakimiyyətinin əsas rəqibi isə rusiyayönümlü qüvvələrdir. Onlar blok halında seçkilərdə iştirak etmək istəyirlər. Bu qüvvələrə dəstək üçün erməni kilsəsi ilə sahibkarlar da Rusiyanın təkidi ilə prosesə qoşulublar. Onların parlament seçkilərində qalib gəlmsi həm sülhün ləngiməsi, həm Zəngəzur dəhlizinin açılmasının təxirə salınması deməkdir. Həm də qarabağla bağlı revanşist qüvvələrin Rusiyanın yardımı ilə müəyyən addımlar atmağa cəhd göstərməsi deməkdir. Bu səbəbdən nəyin bahasına olursa- olsun Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlməlidir. Bu tək Ermənistan üçün yox, bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm hadisədir. ABŞ-nin vitse prezidenti Vensin Ermənistana səfərinin əsas məqsədi də parlament seçkilərində ABŞ-nin Paşinyana dəstəyini ifadə etmək idi. Ümid edək ki, ABŞ-nin dəstəyi bundan sonra da davam edəcək və Paşinyanın rəhbərlik etdiyi partiya Ermənistanda keçirilən parlament seçkilərində qalib gələcək. sülhün əməkdaşlığın möhkəmlənməsi istiqamətində daha ciddi addımlar atılacaq”.