Numan Kurtulmuş: Artıq onların dünyanı təkbaşına idarə etməsi mümkün deyil

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyası çərçivəsində Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq. Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir.

Teleqraf xəbər verir ki, bunu İƏTPİ-nin konfransı çərçivəsində jurnalistlərə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

"Dünyada çalxalanmalar fonunda İslam dünyasının vəziyyəti bizim üçün olduqca vacibdir. Şəxsən mən dünyada baş verən hadisələrin İslam dünyası üçün qızıl fürsətlər yaradacağını düşünürəm. Keçmiş sistem dağılıb, artıq təkqütblü sistemin olması mümkün deyil. Hansısa ölkənin və ya bölgənin dünyanı təkbaşına idarə etməsi mümkünsüzdür. Yeni dönəm başlayır. Müharibələr, gərginliklər doğum sancısı kimidir. Artıq yeni dünyanın izləri görünür. Burada çoxqütblülüyün hökm sürəcəyi yeni sistemə qədəm qoyuruq. İslam dünyası çox böyük potensial və imkanlara sahibdir.

Dünyanın enerji xətləri və qlobal siyasətdəki strateji güc keçid nöqtələri İslam dünyası üzərindədir. Amma mövcud durum bu potensialdan tam istifadə edə biləcəyimiz nöqtədə olmadığımızı göstərir. İslam ölkələri arasında fikir və siyasi, etnik və məzhəb fərqlilikləri münaqişə vəziyyəti yaratmamalıdır. Buna zənginlik kimi yanaşmalıyıq. İslam ölkələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyinin artırılmasına, qurumlarda islahatlara ehtiyac var", - spiker vurğulayıb.