Paşinyan heç vaxt Köçəryan və Sarkisyanı Azərbaycana təhvil verməz - Siyasi şərhçi

  • "Bunun çox sadə bir səbəbi var. Ona görə ki, Paşinyan onları Azərbaycana qarşı vuruşduqlarına görə ittiham etmir"

Ermənistanın siyasi həyatında keçmiş hakimiyyətlə indiki siyasi rəhbərlik arasındakı münasibətlər uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Xüsusilə ölkənin əvvəlki rəhbərlərinin fəaliyyəti, həmin dövrdə baş verən siyasi proseslər və sonrakı illərdə formalaşan münasibətlər bu mövzunu daha da aktuallaşdırır.

Maraqlısı budur ki, Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti- Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Belə bir sual yaranır- "Paşinyanın onlara qarşı mövqeyi bir mənalı deyilsə, o, cinayətlərdə adı hallanan bu iki şəxsi Azərbaycana təhvil verə bilərmi?".

Araşdırmaçı- jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Paşinyan heç vaxt Köçəryan və Sarkisyanı Azərbaycana təhvil verməz: 

"Bunun çox sadə bir səbəbi var. Ona görə ki, Paşinyan onları Azərbaycana qarşı vuruşduqlarına görə ittiham etmir.

Doğrudur, Paşinyanın əsaslandırdığı vacib məqam Köçəryan və Sarkisyanın hakimiyyətdə olduqları dövrdə etdikləri cinayətlərdir. Amma Paşinyanın onlara bu münasibətinin kökündə başqa bir məqam da dayanır.

Bu da ondan ibarətdir ki, Köçəryan hakimiyyəti Sarkisyana ötürən zaman orada kütləvi aksiyalar oldu. Bu kütləvi aksiyalar, səhv etmirəmsə, 11 nəfərin ölümü ilə nəticələndi. Həmin aksiyaların yatırılması zamanı bir çox qanlı hadisələr baş verdi. Amma hakimiyyət həmin dövrdə o qanlı hadisələri törədənləri yox, aksiyanı təşkil edənləri cəzalandırdı". 

Müsahibimiz qeyd edib ki, o cəzalandırılanlardan biri də o vaxt Ter-Petrosyanın partiyasında təmsil olunan Nikol Paşinyan olub:

"Bu, Nikol Paşinyanın Köçəryan və Sarkisyana münasibətinin kökündə şəxsi qısqanclığın dayandığını göstərir".