Avropada da ən kasıb təbəqə ağır zərbə alır - Tofiq Zülfüqarov (MÜSAHİBƏ)

  • Kommunal xərcləri və kirayə evlərin qiymətləri qalxanda, bu, birbaşa geniş əhali kütləsinə, xüsusilə də ən kasıb təbəqəyə təsir edir
  • Enerji böhranı sərhəd tanımır, Avropa ilə yanaşı, Çin də ciddi çətinliklərlə üzləşə bilər

Avropanın bir sıra ölkələrində həyat bahalılığı, mənzil qiymətlərinin sürətlə artması və təhsil sistemindəki problemlər fonunda etiraz aksiyaları genişlənir. Fransa, İspaniya, Portuqaliya və İtaliyada küçələrə çıxan vətəndaşlar sosial bərabərsizliyə, kirayə haqlarının yüksəlməsinə, təhsil sahəsindəki çətinliklərə və gündəlik yaşayış xərclərinin artmasına etiraz edirlər. Xüsusilə gənclərin narazılıqları Avropada sosial-iqtisadi problemlərin daha da dərinləşdiyini göstərir. Enerji qiymətlərinin bahalaşması, mənzil bazarında əlçatanlığın azalması və əhalinin gəlirləri ilə xərcləri arasındakı fərqin böyüməsi sosial gərginliyi artıran əsas amillər sırasındadır. Bəzi ölkələrdə hökumətlər etirazların qarşısını almaq üçün müəyyən addımlar atsalar da, problemlərin tam həlli hələ də sual altındadır.

Avropada etirazların genişlənməsinin arxasında hansı iqtisadi və sosial səbəblərin dayandığını, bu proses hökumətlərin siyasətinə necə təsir göstərə biləcəyini sabiq XİN rəhbəri Tofiq Zülfüqarovla müzakirə etdik.

Sherg.az söhbəti təqdim edir:

-Avropanın bir sıra ölkələrində həyat bahalılığı, mənzil qiymətlərinin artması və təhsil sistemindəki problemlər fonunda etirazlar genişlənir. Sizcə, sosial gərginliyin əsas səbəbləri nələrdir?

-Avropada sosial gərginlik artmaqdadır. Bu göstəririk ki, Avropa İttifaqının iqtisadiyyatı bir çox hallarda enerji ilə bağlıdır. Həm əhali, həm də iqtisadiyyat üçün enerjinin bahalaşması nəticəsində bu cür gərginlik mövcuddur. Bəzən bizdə stereotiplər var ki, Qərbdə sərhədi keçən kimi hansısa bonuslar mövcuddur, yaşayış səviyyəsi yüksəkdir. Bəli, hər cəmiyyətdə olduğu kimi, elə təbəqələr var ki, doğrudan da yaşayış səviyyəsi yüksəkdir. Amma kasıblar da var. Onların kommunal xərcləri və kirayə evlərin qiymətləri qalxanda, bu, birbaşa geniş əhali kütləsinə, xüsusilə də ən kasıb təbəqəyə təsir edir. Bir çox ölkələrdə vəziyyət fərqlidir, amma ümumiyyətlə demək olar ki, qış vaxtı xərclərin artması əhali üçün çətinlik yaradan səbəblərdən biri ola bilər.

-Enerji amili ABŞ və Avropa iqtisadiyyatları arasındakı rəqabətə necə təsir edir?

-ABŞ-ın da iqtisadi vəziyyəti də ürəkaçan deyil. Onların büdcə defisiti artıq demək olar ki, ilk dəfə 1 trilyon dolları keçib. Bu da hətta böyük iqtisadiyyat üçün belə yüksək rəqəmdir. Bu baxımdan, ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətli olmasının əsas amillərindən biri onların enerji resurslarına malik olması ilə bağlıdır. Məsələn, bir neçə il bundan qabaq Makron ABŞ-a səfər edərkən ABŞ rəhbərliyinə belə bir irad tutdu ki, sizdə təbii qazın qiyməti Fransadakı daxili qiymətlərdən dörd dəfə aşağıdır. Bu da ona gətirib çıxarır ki, Avropada qeyd etdiyimiz sosial gərginlik yaranır, həm də iqtisadiyyat istər-istəməz enerji təchizatının daha sərfəli olduğu yerləri axtarmağa başlayır. ABŞ çalışır ki, ərazisində istehsal artsın və dünyada olan kapitalı özünə cəlb etsin. Avropa İttifaqından kapitalın Amerikaya axını Donald Trampın prezidentliyindən əvvəl başlamışdı, lakin onun dövründə daha da sürətləndi. Bu baxımdan, bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

-Çin bazarının genişlənməsi bu prosesdə rolu nədir?

- Avropa iqtisadiyyatına rəqabət göstərən Çin amili mövcuddur. Avropa məcbur olub ki, vaxtilə Çində öz sərmayələri nəticəsində qurulan istehsal müəssisələrində istehsal edilən malları, o cümlədən avtomobilləri bazarlarından sıxışdırıb çıxarsın. Məsələn, Volkswagen və digər şirkətlər. Almaniyada da bu böhran avtomobil istehsalında özünü göstərir. Bu baxımdan, bu, ciddi iqtisadi böhrandır. Onun yaranmasında isə indiki Körfəz bölgəsində baş verən böhran nəticəsində enerji bazarında meydana gələn çatışmazlığın da rolu böyükdür.

-Körfəz bölgəsindəki münaqişələr və enerji təchizatında yaranan problemlər gələcəkdə hansı ölkələrə daha çox təsir göstərə bilər?

-Bu məsələyə mümkün nəticələr baxımından yanaşmaq lazımdır. Bir çox ölkənin iqtisadiyyatı xaricdən alınan enerjidən asılıdır və bu asılılıq ciddi risklər yaradır. Enerji təchizatında yaranan fasilələr yalnız bir ölkəyə təsir etmir. Qlobal iqtisadi əlaqələr səbəbindən belə problemlər qısa müddətdə digər dövlətlərə də yayılır. Körfəz bölgəsindəki münaqişələr və enerji bazarındakı qeyri-sabitlik Avropa İttifaqı ölkələri ilə yanaşı, gələcəkdə Çin və digər dövlətlər üçün də ciddi iqtisadi çətinliklər yarada bilər. Bu səbəbdən enerji təhlükəsizliyinin təmin edilməsi, təchizat mənbələrinin şaxələndirilməsi və xarici enerji resurslarından asılılığın azaldılması xüsusi əhəmiyyət daşıyır. Baş verən hadisələr göstərir ki, enerji məsələsi artıq yalnız iqtisadi problem deyil. Bu amil həm də sosial sabitliyə və dövlətlərin rəqabət qabiliyyətinə birbaşa təsir edir.