Paşinyan Qarabağ məsələsində Azərbaycanla həmfikirdir - ŞƏRH

Rusiya, İran, Fransa və ABŞ-dəki bəzi qüvvələr bir müddət "Qarabağ erməniləri" kartını gündəmə daşıyacaqlar
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində Qarabağı könüllü tərk etmiş ermənilərin qayıtmaq məsələsindən də danışıb. Paşinyan deyib ki, son günlərdə Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidir. Baş nazir xatırladıb ki, hələ 2025-ci ilin martında parlamentdə açıq şəkildə bəyan etmişdi ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacaq: 
"Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz". Paşinyan bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub. O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb: "Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır". Ekspertlərin fikrincə, Paşinyan tamamilə aşıq şəkildə erməni ictimaiyyətinə danışıqların mahiyyətini və detallarını açıqladı. Əgər Ermənistan vətəndaşları bu razılıqlara qarşı olsaydılar, indi küçələrdə olmalı idilər, irəlidə də Qarabağa vaxtilə köçürülmüş ermənilər gedərdi. Lakin hazırda Ermənistanda sakitlikdir. Paşinyan erməni kilsəsinə, Koçaryana və Qarabağ ermənilərinə onların əsl yerlərini göstərdi. 
Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında deyib ki, "Qarabağ məsələsi" Nikol Paşinyan hökuməti üçün tamamilə bağlanıb. Ekspert vurğulayıb ki, Qarabağdan öz xoşları ilə getmiş ermənilər Azərbaycanın onlara vaxtı ilə təqdim etdiyi böyük şansları qaçırıblar və artıq geriyə yol yoxdur: 
"Bizim üçün bu məsələ çoxdan qapadılıb. Göründüyü kimi, İrəvan hökuməti də "Qarabağ erməniləri" məsələsinin üzərindən qalın xətt çəkib. Ermənistan həmin ermənilərin bir hissəsini qaçqın kimi qəbul etdi, digərləri Fransaya, Kanadaya, ABŞ-yə köçdü. Xaricə getmiş ermənilərin Qarabağa qayıtma ehtimalı sıfırdır. Belə olan halda "Qarabağ erməniləri" söhbəti gündəmdən avtomatik olaraq düşür və mənasızlaşır. Aydın məsələdir ki, vaxtaşırı müəyyən siyasi qüvvələr, fərqli maraq qrupları Azərbaycana təzyiq göstərmək üçün bu məsələdən istifadə edəcəklər. Ötənlərdə İsveçrənin hansısa kantonunda "ermənilərin Qarabağa qayıdışı" məsələsi müzakirəyə qoyulmuşdu. Vaşinqtonda D.Trampa da bununla bağlı sual ünvanlandı. Yaxud Minsk qrupunun ləğvi prosesi gedərkən mənasız qurumu saxlama təşəbbüslərini görürük. Yəni belə cəhdlər olacaq və olmayan problemlərdən söz açılacaq". 
T.Rzayev hesab edir ki, Rusiya, İran, Fransa və ABŞ-dəki bəzi qüvvələr bir müddət "Qarabağ erməniləri" kartını gündəmə daşıyacaqlar: 
"Əslində elə həmin qüvvələr özləri də fərqindədir ki, bu məsələ çoxdan bitib. Sadəcə, siyasi dividend və təzyiq vasitəsi kimi bu söhbətdən əl çəkmirlər. Paşinyan isə bu məsələdə Azərbaycanla həmfikirdir və özü üçün əlavə problem yaratmaq niyyətində deyil".