Paşinyan Rusiyanın köhnə şəbəkələrini dağıdır - ŞƏRH

Rus "KQB"sinin kökləri Ermənistanda qoparılır, yeni qərbyönlü komanda formalaşır

Ermənistan hökuməti bütün ermənilərin katolikosu II Qareginin istefasından sonra Erməni Apostol Kilsəsinin yeni qanununun qəbul edilməsinə köməklik göstərə biləcəyini açıqlayıb. Baş nazir Nikol Paşinyan sosial şəbəkə səhifəsində "Ktriç Nersisyanın vəzifəsindən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsini" dərc edib. Baş nazir qeyd edib ki, din xadimlərinin vicdanlı davranış qaydaları və onların həyata keçirilməsi üçün təminatlar olmalı, kilsənin maliyyə şəffaflığı qorunmalı, siyasətdən kənar olmasının zəruriliyi qeyd edilməlidir. Kilsə fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu nəzərə alınmalıdır. Paşinyanın sözlərinə görə, Ermənistan qanunvericiliyi Kilsənin fəaliyyətindən əldə edilən və dövlət büdcəsinə ödənilən vergi və rüsumların tam şəkildə kilsəyə qaytarılmasına zəmanət verəcək. Bundan başqa, yeni qanunda din xadimləri üçün sosial zəmanətlər müəyyən edilməlidir. Bu, onların pensiya sistemindən, sosial kreditlərdən və ümumi tibbi sığortadan tam şəkildə istifadə etməsinə imkan verəcək. O qeyd edib ki, bundan sonra bütün ermənilərin katolikosunun seçkiləri yeni qanuna uyğun olaraq keçirilməlidir.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a şərhində deyib ki, ümumiyyətlə, Nikol Paşinyanın son illərdə atdığı addımlar Ermənistanın daxili güc mərkəzlərini yenidən qurmaq və xüsusən Rusiya təsirini minimuma endirmək kimi qiymətləndirilə bilər. Alim vurğulayıb ki, Ermənistanın dövlət strukturları, siyasi elitası və Kilsə uzun illər boyu Moskvanın regiondakı yumşaq təsir vasitələrindən biri olub: "Baş nazir Nikol Paşinyan "antikorrupsiya" və "institusional yenilənmə" adı altında Moskvayönlü şəbəkələrin zəiflədilməsi strategiyası həyata keçirir. Aydındır ki, erməni Kilsəsi yalnız dini qurum deyil, həm də siyasi iddiaları olan güclü milli-siyasi institutdur. Onun rəhbər dairələri də Rusiya başda olmaqla əsasən xarici xüsusi xidmət orqanlarından asılı olan şəxslərdir. Qarabağ Zəfərimizdən sonra Kilsə Paşinyanı açıq şəkildə tənqid edən mərkəzlərdən birinə çevrildi. Paşinyan Kilsə, parlament, təhlükəsizlik qurumları və oliqarx çevrələrində təsir imkanlarını yenidən bölüşdürməyə çalışır. Ermənistanda Paşinyanın rəhbərliyi ilə qərbyönlü və loyal elitadan ibarət yeni idarəetmə komandası formalaşır. Bu da rus "KQB"nin təsiri altında olan biznes qruplarını, bürokratiyanı zəiflədir. Seçkilər yaxınlaşdıqca Ermənistan daxilində Paşinyan-Kilsə və Rusiyayönlü qüvvələr arasında qarşıdurmanın daha da artacağı gözlənilir".