Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ursula fon der Lyayenin Ermənistana planlaşdırılan səfərinin əsas mövzusu erməni məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına daha asan çıxışının təmin edilməsi olacaq.
Sherg.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, Avropa İttifaqına kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsi ilə bağlı layihənin yaxın vaxtlarda yekunlaşacağına ümid edir. Onun sözlərinə görə, bu təşəbbüsün fon der Lyayenin İrəvana səfəri zamanı elan olunması da mümkündür.
Baş nazir vurğulayıb ki, məsələ Ermənistan istehsalçılarının Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın Avropa inteqrasiyası kursunu dəstəklədiyini bildirmişdi. Bununla yanaşı, Rusiya rəsmiləri İrəvanın Avropa İttifaqına yaxınlaşmasının müəyyən siyasi və iqtisadi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq ediblər.