Paşinyanın açıqlaması “geri addım” deyil, mövcud reallığın ifadəsidir - Yaşar Onay

"Təhlükəsizlik məsələsində dövlətlər romantik deyil, praqmatik davranırlar. Burada da baş verən məhz budur"

Nikol Paşinyanın son açıqlaması Cənubi Qafqazdakı geosiyasi proseslər fonunda diqqət çəkib. Ermənistanın təhlükəsizlik prioritetləri yenidən müzakirə mövzusuna çevrilib.

Baş nazir Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə mühüm mesaj verib. O bildirib ki, Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı heç bir plan yoxdur.

Paşinyan vurğulayıb ki, Ermənistanın bununla bağlı nə proqramı, nə də narahatlığı var. O əlavə edib ki, Rusiya ilə iqtisadi və siyasi əlaqələr möhkəmdir.

Bu açıqlama İrəvanın təhlükəsizlik xəttində kəskin dəyişiklik etməyəcəyini göstərir. Görünən odur ki, Ermənistan mövcud balansı qorumağa üstünlük verir.

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə türk ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a bildirib ki, Cənubi Qafqaz hələ də kövrək bölgə olaraq qalır:

"Mən bu açıqlamanı təəccüblü hesab etmirəm. Əksinə, Ermənistanın içində olduğu təhlükəsizlik mühitinə baxanda bunu kifayət qədər rasional mövqe kimi görürəm. Azərbaycanla yaşanan müharibələrin izləri təzədir. Sərhəd məsələsi tam bağlanmayıb, regional güc rəqabəti davam edir. Belə bir şəraitdə İrəvan rəhbərliyinin ölkədəki Rusiya hərbi varlığını birdən-birə müzakirəyə çıxarması gözlənilməz olardı. Bu, Ermənistan baxımından təhlükəsizlik sığortası kimi qiymətləndirilir.

Digər tərəfdən bir həqiqəti də qəbul etmək lazımdır: Ermənistan son illərdə xarici siyasətində çoxşaxəli xətt axtarışındadır. İrəvanın Avropa ilə təmasları artır, ABŞ ilə əlaqələri genişlənir, İranla münasibətləri isə ayrıca ölçü daşıyır. Lakin bu şaxələnmə ən azı qısa və orta müddətdə Moskva ilə bağların qopacağı anlamına gəlmir. 

Politoloq Paşinyanın sözlərinin özündə iki mesaj ehtiva etdiyini söyləyib:

"Paşinyan Moskvaya “Biz hələ də strateji tərəfdaşlıq zəminindəyik", Qərbə isə “Yeni kanallar açırıq, amma təhlükəsizlik memarlığımızı bir gecədə dəyişmirik" deyir. Bunu bir balans siyasəti kimi oxumaq daha doğru olar. Ermənistan hazırkı mərhələdə Rusiyanın hərbi varlığını tamamilə kənarlaşdırmaq əvəzinə, onu mövcud təhlükəsizlik memarlığının elementi kimi saxlamağa üstünlük verir. Bu, ideoloji seçim deyil, daha çox geosiyasi zərurətdir".

Analitik perspektivdə baş verə biləcək hadisələrə də diqqət çəkib: 

"Bölgədəki güc balansı dəyişsə, Rusiyanın Qafqazdakı imkanları zəifləsə və ya Ermənistan alternativ təhlükəsizlik təminatları tapa bilsə, mənzərə fərqli olacaq. Amma bu gün üçün Paşinyanın açıqlaması İrəvanın ehtiyatlı və hesablanmış mövqedə qaldığını göstərir.

Bu açıqlama “geri addım” deyil, mövcud reallığın ifadəsidir. Təhlükəsizlik məsələsində dövlətlər romantik deyil, praqmatik davranırlar. Burada da baş verən məhz budur".