Prezident: ABŞ ilə münasibətlərimiz tarixinin ən yüksək səviyyəsinə çatıb

ABŞ ilə münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir və strateji tərəfdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyub.

Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş vaxtilə ermənipərəst senatorların təşəbbüsü ilə qəbul olunub və həqiqəti əks etdirməyib:

"Azərbaycan heç vaxt Ermənistana blokada tətbiq etməyib. Əksinə, sonrakı dövrdə Ermənistan üzərindən yüklərin daşınmasına şərait yaradılıb, eləcə də ölkəyə neft məhsulları ixrac olunub".

İlham Əliyev bildirib ki, Prezident Donald Trampın qəti mövqeyinə baxmayaraq, ötən ilin avqustunda 907-ci düzəlişin tətbiqi növbəti il üçün yenidən dayandırılıb.

"Bu düzəliş hazırda praktik baxımdan işləməsə də, siyasi və simvolik əhəmiyyətini saxlayır. Buna baxmayaraq, bu məsələ ABŞ administrasiyası ilə münasibətlərə mənfi təsir göstərmir. ABŞ ilə Azərbaycan arasındakı münasibətlər çox əladır. Deyərdim ki, onlar artıq strateji tərəfdaşlıq səviyyəsini də ötüb. Münasibətlərimiz tarixinin ən yüksək səviyyəsindədir".

Dövlət başçısı əlavə edib ki, iki ölkə arasında ticarət, investisiya, rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat və müdafiə sahələrində əməkdaşlıq üzrə işçi qrupları yaradılıb və strateji tərəfdaşlıq haqqında bəyannamənin icrası istiqamətində iş aparılır.