Qələbəmiz əbədi olacaq, artıq yeni reallıqlar mövcuddur.
Azərbaycan xalqının üzləşdiyi ən böyük ədalətsizlik torpaqlarımızın uzun müddət işğal altında qalması olub. Prezident İlham Əliyevin Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bu tarixi həqiqəti bir daha gündəmə gətirdi. Dövlət başçısının sözləri beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemləri də açıq şəkildə ortaya qoydu. Prezident vurğuladı ki, torpaqların işğalı təkcə bir ölkəyə qarşı yönəlmiş hərbi-siyasi addım deyil, eyni zamanda beynəlxalq hüququn və ədalət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycanın ərazi bütövlüyü bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanındığı halda, bu faktın uzun illər real mexanizmlərlə müdafiə olunmaması dərin narazılıq doğurub. Prezident çıxışında diqqəti xüsusilə beynəlxalq təcrübədə mövcud olan ədalətsiz yanaşmaya yönəltdi. Müasir dünyada oxşar hallarda işğalçı dövlətlərə qarşı siyasi, iqtisadi və diplomatik sanksiyaların tətbiq edildiyi müşahidə olunur. Lakin Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bu mexanizmlərin işə salınmaması beynəlxalq sistemdə ikili standartların mövcudluğunu açıq şəkildə nümayiş etdirdi. Bu yanaşma isə beynəlxalq hüquqa və təşkilatlara olan etimadı ciddi şəkildə sarsıtdı. Prezident həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı formal olaraq düzgün və ədalətli qərarlar qəbul etsələr də, həmin qərarların icrası üçün real addımlar atılmayıb. Qətnamələrin kağız üzərində qalması işğalın uzanmasına, humanitar faciələrin dərinləşməsinə və yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə səbəb olub. Bu vəziyyət beynəlxalq institutların effektivliyi və məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. Ancaq mühüm olan odur ki, beynəlxalq mexanizmlər işləmədiyi zaman Azərbaycan öz gücünə arxalanaraq ədaləti bərpa etdi, tarixi ədalət təmin olundu və işğala son qoyuldu. Ekspertlərin fikrincə, bu fikirlərin Ağdam sakinləri ilə görüş zamanı səsləndirilməsi də rəmzi məna daşıyır. Uzun illər tamamilə dağıdılmış, "ruhlar şəhəri" adlandırılan Ağdam bu gün yenidən dirçəlir, həyat bərpa olunur.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Qarabağ sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər çox önəmli idi. Deputatın sözlərinə görə, həmin ifadələr sadəcə yerli ictimaiyyət yox, həm də dünya üçün idi: "Dövlət başçısının qələbəmizin əbədi olacağı, təsdiqlənməsi və başqa məqamlarla bağlı ifadələri Azərbaycanın düşmənlərinə də bir mesaj idi. Artıq yeni reallıqlar mövcuddur. Bununla yanaşı, Prezident Azərbaycanın məhz 30 il ərzində üzləşdiyi böyük ədalətsizliyə diqqət çəkərək beynəlxalq təşkilatların nə qədər riyakar mövqedə dayandığını, ikili standartlardan çıxış etdiklərini vurğuladı. Məhz buna görə Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edərək ədaləti və milli ləyaqətimizi də bərpa etdi. Cənab Prezidentin liderliyi altında böyük tarixi Zəfərə imza atdıq. Milli Məclisə seçilməzdən öncə Xarici İşlər Nazirliyində diplomat kimi çalışarkən yaxşı xatırlayıram, ATƏT-in Minsk qrupunun həmsədrləri XİN-də keçirilən görüş zamanı mənfur qrup irad bildirirdi ki, "siz nəyə görə münaqişəni BMT platformasına daşıyırsız?". Bəlkə də, Minsk qrupunun tarixində ən absurd yanaşmalardan biri bu idi. BMT dünyanın ən ali təhlükəsizlik qurumudur və təşkilatın Təhlükəsizlik Şurasında Ermənistanın işğalı ilə bağlı 4 qətnamə qəbul edilmişdi. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu həmin qətnamələrin icrasını tələb etmək əvəzinə, işğala haqq qazındırır, işğala məruz qalmış Azərbaycana təzyiq göstərirdilər. Minsk qrupu fəaliyyəti dövründə çalışırdı ki, münaqişəni öz monopoliyası altında saxlasın. Bu illər ərzində də parazit kimi münaqişənin mövcudluğundan yararlanaraq ATƏT-in büdcəsini mənimsəyiblər. Azərbaycan öz gücü hesabına ədaləti bərpa etməklə, beynəlxalq strukturların imicini də xilas etdi".