Qayıdış planına uyğun olaraq bütün işlər sürətlə görülür

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" Öz doğma yurdlarına geri qayıdan vətəndaşlarımızın ləyaqətli şəkildə yaşaması üçün hərtərəfli şərait yaradılacaq
  Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını sosial siyasətin əsas prioritetlərindən elan edərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək on minlərlə məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində ev və ya mənzillə təmin olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərir, onların yaşayış, təhsil, səhiyyə və digər məsələlərlə bağlı problemlərini  həll edir. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib.
 Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və  Füzuli Rayon İcra Hakimiyyətinin  nümayəndələri iştirak ediblər. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər. Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar. 
 "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiqlənmiş əlavələrin icrası ilə əlaqədar olaraq Nazirlər Kabinentinin 2008-ci il 7 may tarixli 163s №li Sərancamı ilə təsdiq edilmiş "Tədbirlər Planın"a əsasən, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. Tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan  2020-ci ildə ayrılan vəsait hesabına, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə  həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb. Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır. Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb, nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb, 2,9 kilometr yol, 5,2 kilometr qaz xətti çəkilib, 7,3 hektar sahə yaşıllaşdırılıb. 
Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30  məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çoxmərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. 
Məlumat üçün onu da deyək ki, keçmiş məcburi köçkünlərin Laçın rayonunun Zabux kəndinə də qayıdışı başlayır. Yaxın günlərdə 22 ailə köçürüləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib ki, ötən gün Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Püşkatmada 22 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər. Tezliklə daimi yaşayış üçün Zabux kəndinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Zabux kəndinə yola salınacaqlar. Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. 
  Millət vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində 30 illik erməni işğalına son qoyuldu.
 Deputatın sözlərinə görə, dövlət başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinə start verildi: "Eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində "Böyük Qayıdış"a dair dövlət proqramı qəbul olundu. Əlbəttə ki, ilk növbədə təhlükəsizlik məsələləri həll olunmalı idi və elə də oldu. Bölgədə yeni hərbi birləşmələrin, komando birləşmələrinin formalaşması, hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti üçün şəraitin yaradılması, ən başlıcası Ermənistan tərəfindən uzun illər ərzində basdırılmış minaların təmizlənməsi prosesi həyata keçirildi. Bununla paralel olaraq, işğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işləri başladı. Şübhəsiz, görülən işlər öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın, 30 il yurd həsrəti çəkən vətəndaşlarımızın yenidən doğma torpaqlarına geri dönməsinə nail olmaq məqsədi daşıyırdı. Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilmiş və tikilməkdə olan beynəlxalq hava limanları, yüz kilometrlərlə müasir standartlara cavab verən yollar, dəmiryol xətləri, yüksəkgərginlikli elektrik enerjisi xətləri, digər kommunal xidmətlərin keyfiyyəti üçün görülən işlər, yaşayış evlərinin, müxtəlif obyektlərin inşası göz önündədir". 
Parlament üzvü vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlərin salınması da böyük əhəmiyyət kəsb edir: "Bilirik ki, ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində ağıllı kəndlər salındı və soydaşlarımız öz yurdlarına geri döndülər. Artıq bir neçə rayon və kəndlərdə "Böyük Qayıdış" həyata keçirilməkdədir. Paralel olaraq yeni məktəb binalarının, xəstəxanaların, zəruri sosial obyektlərin tikintisi, tarixi-dini, mədəni abidələrimizin bərpası prosesi aparılmaqdadır. Bir sözlə, 30 il müddətində Ermənistan silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilmiş ərazilərimizdə həm təhlükəsizlik tədbirlərinə, həm də Qayıdış planına uyğun olaraq bütün işlər sürətlə görülür. Bütün işlərin Azərbaycanın öz gücü hesabına görülməsi bir daha ölkəmizin qüdrətinin göstəricisidir. "Böyük Qayıdış" proqramına uyğun olaraq öz yurdlarına geri dönən insanların məşğulluq təminatı da uğurla həyata keçirilir. Ən vacib məqamlardan biri odur ki, dövlət başçısının da qeyd etdiyi kimi, öz doğma yurdlarına geri qayıdan vətəndaşlarımızın ləyaqətli şəkildə yaşaması üçün hərtərəfli şərait yaradılacaq. Bu proses kifayət qədər sürətlə gedir. Amma nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilər ermənilər tərəfindən saysız-hesabsız minalarla, təhlükəli silah-sursatla çirkləndirilib. Qayıdışla paralel minatəmizləmə işi də ən yüksək səviyyədə həyata keçirilir".