Qərbin “Strategic Culture” nəşri Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə ənənəvi əlaqələri zəiflədərək Qərbə yaxınlaşmaq siyasətinin onu çətin vəziyyətə saldığını yazıb.
Sherg.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Paşinyan Avropa İttifaqı və Avro-Atlantik strukturlarla münasibətlərin inkişafına böyük siyasi resurslar sərf edib. Məqsəd Qərb ölkələrinin Ermənistanın əsas tərəfdaşına çevrilməsi və ölkəyə əlavə təhlükəsizlik təminatları verməsi idi.
Lakin nəşrin fikrincə, bu strategiya gözlənilən nəticəni verməyib. Moskva ilə məsafə saxlamaq Ermənistana ciddi siyasi və strateji üstünlüklər qazandırmayıb, Qərblə yaxınlaşma isə konkret təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmayıb.
Analitiklər hesab edirlər ki, nəticədə Ermənistan artan siyasi qeyri-müəyyənlik dövrünə daxil olub və hakimiyyətin manevr imkanları getdikcə məhdudlaşır.
Məqalədə vurğulanır ki, Paşinyan böyük ölçüdə öz qərarları ilə yaratdığı siyasi tələyə düşüb və mövcud vəziyyət davam etdikcə ölkənin strateji maraqlarını qorumaq, eləcə də yaranan böhrandan çıxış yolu tapmaq daha da çətinləşəcək.