Qüdrət Həsənquliyev: Yararsız filmlərə görə vəzifəli şəxslər məsuliyyət daşımalıdır

"Müasir dünyada dövlətlər, cəmiyyətlər müxtəlif filmlər çəkməklə, teatrlarla, müxtəlif mədəni tədbirlər həyata keçirməklə hüquqi biliklər, ali dəyərlər təbliğ olunur, insanlarda yüksək zövq formalaşdırılır, bu da cəmiyyətin mədəni səviyyəsinin inkişafına xidmət göstərir. İnsanlar həm əylənirlər, həm də bu, onların dünyagörüşünə öz müsbət təsirini göstərir. Bu yaxınlarda cəmiyyətdə “Məhsəti” filminin yayımı bilə bağlı məsələlər ciddi ictimai müzakirələrə səbəb oldu".

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bu, dövlət hesabına, yəni ictimai vəsait hesabına çəkilmiş bir film idi, amma o filmin yayımlanması qadağan olundu. Həmin vəsaitlərə görə kim məsuliyyət daşıdı? Biz 45-ci maddədə mədəniyyət sahəsində müəyyən qrant layihələrinin maliyyələşdirilməsindən danışırıq. Biz Kinematoqrafiya haqqında qanunun 13-cü maddəsinə də dəyişiklik etdik və mən ona səs verdim. Orada da qeyd olunub ki, xarici prodüserlərin çəkdikləri filmlərin sərf etdikləri vəsaitin bir hissəsi geri qaytarılır və sair.

Həmin filmin ssenarisini kimsə oxumuşdumu? Bilmirdilər ki, bu filmdə nələrdən bəhs ediləcək və bu film bizim cəmiyyətimizdə nümayiş etdirilə bilər, yoxsa yox? Yəni bunu oxuyublarmı, yaxud filmin çəkilişi konkret kimə tapşırılıb? Məsələ aydınlaşdırılmışdı ki, bu adam bu filmi çəkməyə layiqdirmi və ya onun çəkəcəyi film hansı dəyərləri təbliğ edəcək? Ona görə də hesab edirəm ki, biz qanunvericilikdə bir çox məsələləri həll etməliyik və həmin vəsaitin ayrılmasına görə məsuliyyət daşıyan və o vəsaiti ayıran şəxslər öz əmlakları ilə məsuliyyət daşımalıdırlar. Yoxsa vəsaiti ayırdıq və o vəsait ayrılandan sonra bəlli oldu ki, ortaya qoyulan iş ümumiyyətlə heç nəyə yaramır. Buna görə də mən burada müvafiq dövlət orqanların vəzifəli şəxslərinin birbaşa məsuliyyət daşıması məsələsini də qanunvericiliyə daxil edilməsinin tərəfdarıyam”,- Qüdrət Həsəquliyev vurğulayıb.