Quterreş husiləri saxlanılan BMT əməkdaşlarını dərhal azad etməyə çağırıb

18 dekabr husilərin de-fakto hakimiyyət orqanları tərəfindən daha 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bununla da husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının ümumi sayı 69-a çatıb.

BMT-nin Baş katibi Antoniu Quterreş husilər tərəfindən BMT əməkdaşlarının əsassız saxlanılmasını qətiyyətlə pisləyib.

Baş katib bildirib ki, bu cür saxlanılmalar husilərin nəzarətində olan ərazilərdə BMT-nin humanitar yardım fəaliyyətini faktiki olaraq mümkünsüz edir. Nəticədə yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.

Baş katib husiləri BMT-nin, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, habelə diplomatik missiyaların bütün əsassız saxlanılan əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Eyni zamanda, BMT əməkdaşlarının cinayət təqibinə cəlb olunması ilə bağlı qərarların ləğv edilməsi tələb olunub.

Bəyanatda beynəlxalq hüquqa, o cümlədən BMT-nin və onun əməkdaşlarının imtiyaz və toxunulmazlıqlarına hörmət edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu prinsiplər humanitar fəaliyyətin təhlükəsiz və prinsipial şəraitdə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edilib ki, BMT Baş katibi və təşkilat üzv dövlətlərlə, Təhlükəsizlik Şurası ilə əməkdaşlıq, eləcə də husilərlə birbaşa təmaslar vasitəsilə saxlanılan bütün BMT əməkdaşlarının azadlığa buraxılması istiqamətində səylərini davam etdirəcək. Baş katib həmçinin Yəməndə zərərçəkmiş ailələr və icmalarla həmrəy olduğunu bildirib.