Ramiz Mehdiyev və Əli Kərimlinin kirli siyasi oyunları...- RƏY

Bütün "beşinci kolon" üzvlərinin anti-Azərbaycan fəaliyyətlərinə hüquqi və siyasi qiymət veriləcək

Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə ictimai asayişin və sabitliyin qorunmasında, qanunçuluğun möhkəmləndirilməsi və dövlət təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Dövlətimizin güc strukturları milli maraqlarımıza qarşı yönələn istənilən təhdid və təhlükələri vaxtında önləmək, dəf etmək gücünə malikdir.

Əminliklə deyə bilərik ki, bu gün qalib Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü layiqincə qorumaqla yanaşı, həmçinin daxildə ictimai-siyasi sabitliyi qorumaq baxımından da kifayət qədər peşəkar və qətiyyətlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Milli Şura" adlı təxribatçı siyasi qruplaşmanın üzvü, AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evlərində axtarış aparması və onları dindirməsi də məhz dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin öncədən neytrallaşdırılmasına, aradan qaldırılmasına xidmət edir. 34 illik müstəqillik dövründə müxtəlif qüvvələr tərəfindən zaman-zaman Azərbaycanı hansısa kənar güclərin, böyük dövlətlərin təsiri altına salmaq və siyasi çevrilişə əl atmaq, hakimiyyəti qeyri-qanuni yollarla, zorakı üsullarla ələ keçirmək cəhdləri olub. Ancaq təhlükəsizlik qurumlarımız bütün çevriliş cəhdlərinin, təxribat və xəyanətlərin qarşısını qətiyyətlə almağa müvəffəq olub. Dövlət Təhlükəsizliyi Xidmətinin Əli Kərimlinin evində axtarış aparması və onu dindirməsi də dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin aradan qaldırılmasına xidmət edir. Bu addımlar Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyev barəsində aparılan istintaq işi çərçivəsində həyata keçirilib. 

Azərbaycan Həmrəylik Komitəsinin rəhbəri Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Əli Kərimli və onun idarə etdiyi qaragüruhun üzvləri siyasi hakimiyyətə gəlmək naminə hər şeyi, hətta milli mənafelərimizi, dövlət suverenliyimizi də qurban verməyə hazır olan xəyanətkar bir şəbəkədir. Ekspert vurğulayıb ki, AXCP liderinin hələ 2000-ci illərin əvvəllərindən Ramiz Mehdiyevlə əlaqələri yaranmağa, gizli işbirliyi formalaşmağa başlayıb: "Ramiz Mehdiyev özünün hakimiyyətdaxili mənafelərinin təmin edilməsində və eyni zamanda, Azərbaycanın "qeyri-demokratik" ölkə imicinin formalaşdırılması məqsədilə AXCP-dən maşa kimi istifadə edib. Elə həmin Ramiz Mehdiyevin "xeyir-dua"sı ilə Əli Kərimli, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov və digərləri Rusiyanın Azərbaycanda siyasi maraqlarının təmin olunması üçün "Milyarderlər İttifaqı"nın kirli oyunlarına qoşulub və "Milli Şura" adlı təxribatçı qurumu yaradıblar. Onların 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb Azərbaycanda hakimiyyətə gəlmək üçün onlara dəstək verməsini xahiş etməsi də bu adamların əsas məqsədlərinin hakimiyyəti qeyri-legitim üsullarla ələ keçirmək istəklərini təsdiqləyir. Həmçinin, Ramiz Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı məktubda da Azərbaycanda təşkil olunan siyasi təxribatlarda Ə.Kərimlidən istifadə edildiyi faktı qeyd olunub. Bu baxımdan Əli Kərimlinin evində aparılan axtarışlar zamanı Ramiz Mehdiyevin sözügedən məktubunun tapılması heç də təsadüfi deyil. Təkcə bu faktın özü onların arasında uzun illər ərzində sıx işbirliyinin mövcud olduğunu əyani şəkildə sübut etmək üçün kifayət edir".

Əli Kərimlinin 2013-cü ildə Rusiyanın emissarı və vətəndaşı Rüstəm İbrahimbəyovu vahid namizədi kimi ortaya atması, "Xamenei rəhbərimizdir" deyən Taleh Bağırzadə adlı İran casusunu az qala "Milli Şura"nın siyasi simvoluna çevirməsi Vətənə, dövlətə xəyanətin açıq nümunələridir: "Odur ki, Ramiz Mehdiyevlə bağlı aparılan istintaq prosesi çərçivəsində istər Əli Kərimlinin, istərsə də yad qüvvələrin maraqlarına xidmət edən bütün "beşinci kolon" üzvlərinin anti-Azərbaycan fəaliyyətlərinə hüquqi və siyasi qiymət veriləcək. AXCP və "Milli Şura"nın rəhbərlərinin kirli siyasi oyunlarının hesabatını vermək vaxtı gəlib çatıb. Ramiz mehdiyevlərin, əli kərimlilərin və onların yönətdikləri illeqal qüvvələrin erası bitmək üzrədir".