Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin İranın nüvə obyektlərində təftiş aparması planlaşdırılmır.

“Tasnim”in xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai İranın AEBA müfəttişlərini nüvə təsisatlarında yoxlama aparmaq üçün ölkəyə dəvət etməsi ilə bağlı xəbərləri təkzib edib.

Onun sözlərinə görə, ABŞ-la imzalanan anlaşma memorandumunun 8-ci bəndinə əsasən, nüvə məsələsi ilə bağlı danışıqlar 60 gün ərzində aparılacaq.

“Əlbəttə ki, bunun üçün memorandumun 13-cü bəndində nəzərdə tutulan danışıqların başlanması üzrə ilkin şərtlərin icrası zəruridir”, - Bəqaii vurğulayıb.

Qeyd edək ki, sənədin 8-ci bəndinə əsasən, İran nüvə silahı əldə etməyəcəyini və inkişaf etdirməyəcəyini bir daha təsdiqləyir. ABŞ və İran zənginləşdirilmiş nüvə materiallarının taleyinin AEBA nəzarəti altında, qarşılıqlı razılaşdırılmış mexanizm çərçivəsində həll olunması barədə razılığa gəliblər. Tərəflər həmçinin zənginləşdirmə fəaliyyəti və İranın nüvə ehtiyacları ilə bağlı digər məsələləri yekun saziş çərçivəsində müzakirə etməyə razılaşıb.